Hannover şəhərində Zəfər Günü qeyd edilib

post-img

Almaniyanın Hannover şəhərində yaşayan Azərbaycan icmasının 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

“Bakı” Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə 70 nəfərədək soydaşımız və müxtəlif icmaları təmsil edən qonaqlar iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən cəmiyyətin sədri Rəbiyə Nəbiyeva və başqaları soydaşlarımızı ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə təbrik ediblər. Həmvətənlərimiz Qarabağın hər şəhər və kəndində Azərbaycanın Dövlət Bayrağının ucaldılmasını, dövlət başçımızın Xankəndinin mərkəzi meydanında hərbi paradı qəbul etməsini qürurverici hal adlandırıblar. Xalqımıza bu misilsiz sevinci bəxş etdiyinə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Silahlı Qüvvələrimizə minnətdarlıq ifadə olunub.  

“Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!” və digər şüarların səsləndirildiyi tədbir bədii hissə ilə davam edib. 

Anar ƏLİ, 

XQ

Mədəniyyət