Ustad rəssamın nağıllar dünyası

post-img

Arif Hüseynov – 80

 

Yubileyə sənət töhfələri

Əsərlərində milli dəyərlərimizə, adət-ənənələrimizə üstünlük verən rəssamlarımızdan biri də Arif Hüseynovdur. Ustad sənətkarın Azərbaycanda qrafika janrının pərvərişində rolu böyükdür. İstedadlı rəssam uzun illər boyu tükənməz yaradıcılıq potensialını daha çox dəzgah və kitab qrafikası sahəsinə həsr edib. 

Azərbaycan Rəssamlar İttifaqının ka­tibi, Xalq rəssamı Arif Hüseynov qədim miniatür sənəti ənənələrini qoruyub sax­lamaqla, yeni forma və biçimdə bədii-es­tetik tutumlu əsərlərini böyük ustalıqla yaradıb. Miniatür janr və üslubunun mo­dern tərzdə ifadəsi onun orijinal dəst-xətli sənətkar olduğunu göstərir. Yaradıcılığı ilə ilk tanışlıqdan da Arif Hüseynovun nağıllara, dastanlara, aşıq yaradıcılığına, Novruz bayramına, bir sözlə, xalqımı­zın zəngin keçmişinə böyük məhəbbəti açıq-aşkar duyulur. Onun dərin fəlsəfə, könül oxşayan lirika, incə bir hiss duyulan saysız-hesabsız qrafik işləri, illüstrasiya­ları, eyni zamanda, maarifçilik xarakteri daşıyır. 

İlk gündən sənətə bu amalla gələn və hazırda mənalı ömrünün 80-ci ilini başa vuran Arif Hüseynovun 55 illik yaradıcılıq yolu bu il 3 genişmiqyaslı yubiley sərgi­sində öz əksini tapıb. İlkin olaraq fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində sevimli personajlarla yaddaşlara həkk olunmuş klassik və müasir nağıllarımıza həsr etdiyi “Azərbaycan nağılı“ adlı fərdi sərgisi keçirilib. Həmin təqdimatın əsas məqsədi Azərbaycan nağıllarına yenilik gətirmək, ənənələrə müasirlik qatmaqla yeni qəhrəmanlar yaratmaq və ən əsası uşaqları texnologiya asılılığından uzaq­laşdıraraq maarifləndirməkdən ibarət idi. 

Daha sonra martın 30-da Nizami Kino Mərkəzində “Qarabağnamə – tarixin səhifələri” kitabının əsasında istedadlı re­jissor Elnurə Kazımova tərəfindən ərsəyə gəlmiş “Qarabağnamə” adlı bədii-sənədli filmin təqdimatı olub. Bu film Xalq rəs­samının Qarabağın tarixinə həsr etdiyi silsilə əsərlərə həsr olunmuşdu. Azər­baycan incəsənətinin zəngin salnaməsini ehtiva edən Qarabağ mövzulu əsərlərdə tarixi şəxsiyyətlərin, əfsanəvi general­ların, xanəndə və aşıqların portretləri, memarlıq abidələri, Azərbaycan tarixin­də baş vermiş bir çox hadisə və faktlar haqqında təsvirlər geniş yer alıb. 

Silsilənin davamı olaraq, iyunun 6-da Muzey Mərkəzində rəssamın maarifçilik yönümlü qrafik əsərlərindən ibarət 2-ci fərdi “Qrafika” sərgisi təqdim edilib. Arif Hüseynov burada daha çox dahi şəx­siyyətlərin, şairlərin portretlərini və onla­rın ərsəyə gətirdikləri rübailərə, şeirlərə, qəzəllərə, hekayələrə həsr etdiyi illüst­rasiyaları sərgiləyib. Buna misal olaraq Nizami və Məhsəti Gəncəvilər, Məhəm­məd Füzuli, Mirzə Ələkbər Sabir, İma­dəddin Nəsimi kimi şairlərin obrazlarını göstərmək olar. Eyni zamanda, sənətka­rın Afaq Məsudun hekayələrinə çəkdiyi illüstrasiyalar da sərgidə yer almışdı.

Arif Hüseynovun ümumi yaradıcılı­ğını əhatə edən, yaddaşlarda əbədi iz qoyacaq “Miniatürsayağı” adlı növbə­ti fərdi yubiley sərgisi oktyabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində sənətsevərlərə təqdim olunub. Sərgidə bir- birindən fərqli, rəngarəng yeni əsər­lər ekspozisiya zallarını bəzəyib. Açılış mərasimində muzeyin direktoru, Əmək­dar incəsənət xadimi Çingiz Fərzəliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Əməkdar jurnalist Etibar Baba­yev və başqaları yubilyarın yaradıcılığını yüksək dəyərləndirib, ona yeni uğurlar diləyiblər. Sayca 50 əsərin nümayiş olun­duğu sərgi 100-lərlə qonağın ruhunu ox­şayıb. 

Ömür yolunun 80-ci ilinin tamamında Xalq rəssamı Arif Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olundu. Bu, onun dərin ictimai məzmunlu və məhsuldar yaradı­cılığına dövlətimizin verdiyi yüksək qiy­mətdir. 

Fəxr edirəm ki, Milli Məclisin Mədə­niyyət komitəsinin, Azərbaycan Rəs­samlar İttifaqının və “HüsnАrt” təsviri sənət Mərkəzinin təşkilatçılığı ilə Xalq rəssamının 80 illiyi çərçivəsində keçirilən bütün sərgi və tədbirlərinin kuratoru və əlaqələndiricisi mən olmuşam. Ölkəmiz­də, eləcə də dünyanın bir çox yerində, müxtəlif kolleksiyalarda sənət əsərləri qorunan Xalq rəssamının yaradıcılıq nü­munələrinə bələdçilik etmək, sözün əsl mənasında, şərəf işidir. 

 

Ziyarət CABAROVA,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi

Redaksiyadan: Uzun illər “Xalq qəzeti” ilə sıx yaradıcılıq əlaqəsi sax­layan, milli rəngkarlıq sənətimizin uğurlarının oxuculara çatdırılmasına yardımçı olan görkəmli rəssamımızı təbrik edir, ona yeni uğurlar və möh­kəm cansağlığı arzulayırıq.

Mədəniyyət