BTC ilə Türkiyə ərazisindən 171 milyon 676 min barel neft nəql edilib

post-img

Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinin yaydığı məlumata əsasən, cari ilin yanvar–sentyabr aylarında qardaş ölkə ərazisi ilə Bakı–Tbilisi–Ceyhan (BTC) kəməri vasitəsilə 171 milyon 676 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 4,44 faiz çoxdur

Məlumata görə, ötən ilin müvafiq döv­ründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 164 milyon 379 min barel neft nəql edilib. Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazi­si ilə BTC kəməri vasitəsilə 225 milyon 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64 faiz çox olub.

Energetika Nazirliyinin məlumatı­na görə, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitə­silə, təqribən, 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 min 244 tankerə yük­lənərək dünya bazarlarına göndərilib. Bu ilin birinci yarısında isə “Bakı–Tbili­si–Ceyhan” (BTC) üzrə əməliyyat xərc­lərinə, təqribən, 59 milyon dollar, əsas­lı xərclərə isə 18 milyon dollar vəsait xərclənib.

Hazırda BTC boru kəməri əsasən, Azərbaycandan “Azəri–Çıraq–Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

Boru kəmərinin Azərbaycan və Gür­cüstanda yerləşən hissələrinin operato­ru “BTC Ko.”nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin ope­ratoru isə “Botaş International Limited” şirkətləridir. Kəmərin diametri Azərbay­canda və Türkiyədə, əsasən, 42 düyüm­lükdür. Gürcüstan ərazisində kəmər 46 düyümlük borularla çəkilib. Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş boyu hissədə isə 34 düyümlüyədək azalır. Boru kəməri 1500-dən çox çayla və 13 seysmik qırılma xətti ilə kəsişir. Kəmərin ən yüksək nöqtəsi 2 min 800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən də­niz səviyyəsinə enir.

Kəmərin istismar müddəti 40 ildir və hazırda orta ötürücülük qabiliyyəti gündəlik 1,2 milyon barreldir. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uza­nan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. 

Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkün­dür. Bakı–Tbilisi–Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğaz­larının həddən artıq yüklənməsinin də qarşısını alıb.

XQ

İqtisadiyyat