I Qarabağ savaşının Koroğlusu

post-img

Koroğlu Rəhimov – 70

...Odlar Yurdu Universitetinin qarşısındayıq. Dərsə gələn tələbələr sualımıza cavab olaraq durduğumuz küçənin Koroğlu Rəhimovun adını daşıdığını bildirir, yalnız bir neçəsi onun Azərbaycanın Milli Qəhrəmanı olduğunu əlavə edir. Yaxınlıqdakı ABU Arenanın yanında sorğuladığımız respondentlərinsə heç biri suala tam cavab verə bilmir. 

Bu gün 70 illik yubileyi qeyd edilən Koroğlu Rəhimovdan söhbət açmağı­mızın bir məqsədi də onu daha yaxşı tanıtmaqdır. Çünki şərəf tariximizi ya­zan qəhrəmanlarımız haqqında hər bi­rimiz məlumatlı olmalı və adları ilə fəxr etməliyik. Leytenant rütbəli motoatıcı bölük komandiri, 38 yaşlı Koroğlu Rə­himov Birinci Qarabağ müharibəsində şəhadətə ucalaraq daşıdığı adı həyatı bahasına doğruldub. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Xalq qəhrəmanı Koroğlunun haqqın­da məşhur dastan və film var. Müasiri­miz olan qəhrəman Koroğludan da film çəkilib, kitablar yazılıb. “Hoydu, dəlilə­rim, hoydu, Yeriyin meydan üstünə” deyə hayqıraraq Aslan paşanın dəstə­sini qılıncdan keçirmiş qoç Koroğlu da, Ağdərə uğrunda döyüşlərdə erməni faşistlərinə qan uddurmuş qorxmaz Ko­roğlu da Azərbaycan adlı ananın halal südünü əmmiş igid övladlarıdır. 

Oğuzda doğulan Koroğlunun 8 yaşı olanda atası İsmayıl kişi ailəsini də gö­türüb, dədə-baba yurdu Zəngəzura kö­çüb. Qəhrəmanımız orta məktəbi orada oxuyub, sonra ali təhsil almaq üçün Ba­kıya gəlib. O vaxtkı Neft və Kimya İns­titutunun (indiki Dövlət Neft və Sənaye Universiteti) avtomexanika fakültəsini bitirib. 

Ötən əsrin 80-ci illərinin sonlarında soydaşlarımız Qərbi Azərbaycandan deportasiya edilirlər, daha sonra Qara­bağda erməni separatizmi baş qaldırır. Bütün bunlar hər bir vətənpərvər gənc kimi, Koroğluya da təsir edir. Xocalı qətliamı baş verəndən sonra isə Bakı Məişət Kondisionerləri zavodunda çalı­şan Koroğlu daha dözə bilmir və ordu sıralarına yazılmaq istəyir. Atası “Get, adaşın kimi ad çıxar!”– deyə ona xe­yir-dua verir. 

Leytenant Koroğlu Rəhimov mühari­bədə heç 3 ay da iştirak etməyib: apre­lin 30-da komandir təyin olunub, iyulun 3-də isə son döyüşünə atılıb. Amma az müddətdə elə hünərlər göstərib ki, Ulu öndər 1994-cü ildə ona qəhrəman adı verilməsi barədə fərman imzalayıb. 

...İyun ayının 13-də Goranboyun Buzlaq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində onun bölüyü xüsusilə fərqləndi. Onlar 15 erməni yaraqlısını öldürərək, xeyli silah-sursat ələ keçir­dilər. Koroğlu buradakı döyüşdə 4 düş­məni şəxsən özü məhv etdi. Sonrakı 2 gündə isə cəsur döyüşçülər Mənəşli və Başkəndi erməni yaraqlılarından təmiz­lədilər. Bu əməliyyatlarda Koroğlunun “dəliləri” qəsbkarlarının daha çox canlı qüvvəsini cəhənnəmə vasil etdilər, daha çox hərbi qənimət götürdülər. 

Madagiz kəndi istiqamətində dö­yüşlər ara vermirdi. Leytenant Rəhi­mov fürsət tapdıqca rabitə qovşağına yaxınlaşırdı ki, təcili bir əmr olsa, tez xəbər tutsun. Belə bir məqamda tabor komandiri Yaşar Qarayevin bir neçə əsgərlə düşmən mühasirəsində qaldı­ğı barədə məlumat gəldi. Koroğlu cəld öz bölüyü ilə döyüşçü dostlarının dadı­na çatdı. Əməliyyat uğurla nəticələndi və Madagiz 2-ci dəfə işğaldan azad edildi. Zəfər yürüşünü davam etdirən cəngavərlər ardınca mərə kafirləri Gü­lüstan kəndindən qovub çıxartdılar. Həmin qanlı döyüşlərin birində Koroğlu Rəhimov canını Vətənə qurban verdi. 

Müharibədən neçə il sonra Yaşar Qarayev tələbələr qarşısında çıxışı za­manı bu barədə ətraflı danışıb və dos­tunun cəsurluğunu, döyüşlərdə daim öndə getdiyini, onun ölüm xəbərindən bərk sarsıldığını dilə gətirib. 

Qəhrəmanın döyüş şücaətləri barə­də Abdulla Qurbaninin “Koroğlunun Ağdərə səfəri”, Əli Qurban Dastançının “Koroğlular uzaqdan gələn yolda”, Qə­dir Aslanın “XX əsrin Koroğlusu”, Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu” və Sabir Arazlının “Koroğlu” kitablarında ətraflı yazılıb. Ümumtəhsil məktəbləri­nin 2-ci sinifləri üçün “Oxu” dərsliyində də ondan bəhs edən yazı və şair Oqtay Rzanın “İki Koroğlu” şeri verilib. Bütün bunları oxuyan yeniyetmə və gənclərin vətənpərvərlik hissi daha da coşub-da­şır. 

Bakıda və Oğuzda Koroğlu Rəhimo­vun adına küçə var. Paytaxtın Nərima­nov rayonunda büstü qoyulub. Oğuzun Xaçmaz kəndində körpələr evi onun adını daşıyır. Nəvələrindən birinə isə Koroğlu adı qoyulub. Bu yerdə “Millə­tin ikinci Koroğlusu var” – deyən Oqtay Rzanın misraları yada düşür:

Güclüdür zamanın verdiyi fərman,

Köçüb ürəklərə Milli Qəhrəman.

İsmayıl kişinin cəsur övladı –

Meydandır, küçədir ömrünün ardı...

Artıq Qarabağ da, Şərqi Zəngə­zur da düşməndən birdəfəlik təmizlə­nib. Elə bu ayın ortalarında möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Koman­dan İlham Əliyev Xankəndidə, Xocalı­da, Xocavənddə, Əsgəranda və Koroğ­lu Rəhimovun şəhid düşdüyü Ağdərədə üçrəngli Azərbaycan bayrağını ucalda­raq şəhidlərimizin ruhlarını şad edib.

Koroğlu kimi qəhrəmanları olan Vətən basılmaz.

 

Ə.NƏCƏFXANLI
XQ



Mədəniyyət