Azərbaycan musiqi təntənəsinə bürünüb

post-img

Ölkədə ilk Musiqi Forumu Heydər Əliyevin 100 illiyinə həsr olunub

Oktyabrın 29-da ölkəmizdə 3 günlük Musiqi Forumu başlanıb. Musiqi təntənələri Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olu­nub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üze­yir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konser­vatoriyası, Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşən forumun açılış mərasimi paytaxtımızdakı “Gülüstan” Sarayında keçirilib.

Forumun açılış mərasimində Pre­zident Administrasiyası Humanitar si­yasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliye­va, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaq­lar iştirak ediblər. Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, il ərzində Ulu öndərin 100 illiyinə həsr olunmuş teatr, kino və Azərbaycan dili və ədəbiyyat forumları keçirilib. Bu da növbəti analoji tədbirdir. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik et­diyi hər iki dönəmdə bütün sahələrlə ya­naşı, musiqi sənətinə də xüsusi qayğı və diqqət göstərib. Onun peşəkar musiqi­nin inkişafı ilə bağlı imzaladığı sənədlər, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstər­diyi xüsusi qayğı bu gün də öz bəhrəsini verir. Ona görə də Ulu öndərin 100 illiyi çərçivəsində Musiqi Forumunun təşkil edilməsinin çox böyük önəmi var”.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü si­yasəti nəticəsində Azərbaycan mədə­niyyəti yeni mərhələyə qədəm qoyub: "Ölkəmiz mədəniyyəti, xüsusilə musiqi­si ilə xaricdə tanınıb. Milli dəyərlərimizin dünya miqyasında təbliği və tanıdılma­sı istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər xüsusilə diqqətəlayiqdir. 2003-cü ildə Azərbay­can musiqisinin ən dəyərli incilərindən olan muğam UNESCO-nun Qeyri-mad­di mədəni irs üzrə Reprezentativ siyahı­sına daxil edilib və özünün bədii təkrar-olunmazlığını, dünya mədəniyyəti üçün dəyərini təsdiq edib".

Musiqi Forumunun əhəmiyyətinə toxunan nazir bildirib ki, üç gün ərzində davam edəcək tədbir çərçivəsində ölkə­nin tanınmış musiqi xadimləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş qonaq­ların da bu sahənin çağdaş vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq. Forum günlərində, həmçinin Azərbaycan milli musiqi ənənələrinin yaşadılması, dün­yaya tanıdılması ilə bağlı məsələlər də diqqət mərkəzində olacaq. Forumda səsləndirilən təkliflər ümumiləşdiriləcək, təhlil ediləcək və “Azərbaycan mədəniy­yəti – 2040” Konsepsiyasında öz əksini tapacaq. Sonra görkəmli sənətkarların, mədəniyyət adamlarının çıxışları din­lənilib. Azərbaycan musiqisinin keçdi­yi yolu özündə ehtiva edən videoçarx nümayiş etdirilib. Açılış mərasimindən sonra panel müzakirələr aparılıb. Ok­tyabrın 30-u, forumun ikinci günü də geniş panel müzakirələr formasında davam edib. Müzakirələrdə Azərbaycan Milli Konservatoriyasının rektoru Siya­vuş Kərimi ölkədəki musiqi studiyaları­nın standartlara cavab vermədiyindən söhbət açıb:"Elementar bir şeyi deyim, Azərbaycan himni İngiltərədə yazılıb. O üç dəqiqəlik səsyazmaya görə Azər­baycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək ol­maz? Biz studiyasız heç yerə çıxa bil­mərik, bilməyəcəyik".

Tanınmış sənətkarların forum haqqında fikirlərini öyrəndik. 

Bəstəkarlar İttifaqının sədri Firən­giz Əlizadə: 

– Tariximizdə ilk dəfədir ki, musiqi fo­rumu keçirilir və çox gözəl təşəbbüsdür. Çox maraqlı, açıq müzakirələr olur. Mu­siqi sahəsini əhatə edən hərtərəfli möv­zular qoyulub. Həmin mövzular yetərin­cə, geniş müzakirə olunur. Forumun 2-ci günü xarici ölkələrdən gələn qonaqlarla görüş və fikir mübadiləsi oldu. Sabah­kı sonuncu panel isə musiqişünaslığa həsr edilib. Çalışırıq, musiqi aləminin bütün problemləri müzakirələrdə öz ək­sini tapsın. Çox ümidliyik. 

Xalq artisti Fərhad Bədəlbəyli: 

– Mədəniyyətin təbliğində musiqinin yeri çox önəmlidir. Bu gün musiqiçilə­rimiz bütün dünyada ölkəmizi uğurla təmsil edirlər. Bizim gözəl, təbliğ olun­malı musiqimiz var. Bəzən biz televiziya kanallarında öz gözəl musiqimizi deyil, bayağı musiqiləri təbliğ etməklə xalqın zövqünü korlayırıq. O zövqü sənətkarla­rımız yüzilliklərlə formalaşdırıb. Musiqi forumunda bütün bu məsələlərə toxu­nulur və həlli yolları axtarılır. 

Xalq artisti Nəzakət Teymurova: 

– Musiqinin problemləri, çatışmayan cəhətlər müzakirə edilir. Milli musiqimizi daha da inkişaf etdirib gələcək nəsil­lərə səviyyəli formada çatdırmaq bizim çiyinlərimizə düşür. Forumda gənc mu­siqiçilərin sosial həyatının yaxşılaşdı­rılmasından da söhbət açıldı. Qonorar məsələsinə də toxunuldu. Ümid edirəm ki, hamısı öz həllini tapacaq.

Bəstəkar Sərdar Fərəcov: 

– Çox vaxtında və aktiv keçirilən forumdur. Panellərdə keçirilən müza­kirələr zamanı hamımızıdüşündürən suallara cavab səsləndi. Onların həyata keçirilməsi isə musiqimizin xeyrinə ola­caq.

Müğənni İlqar Muradov: 

– Bu forumun keçirilməsi dövlət tərəfindən musiqimizə böyük dəstəkdir. Forum gələcək nəsil musiqiçilərin yetiş­məyinə də böyük töhfə verəcək. 

Onu da qeyd edək ki, forumda müza­kirə edilən mövzular çoxşahəlidir. Orta məktəblərdə musiqi dərslərinin proqra­mından tutmuş solfecio və xor dərslə­rinin yarıtmaz olmasına qədər. Klassik musiqimizin bu günü də müzakirə möv­zusu oldu, sabaha hansı musiqilərlə getməli olduğumuz da. Ümid edirik ki, böyük Üzeyir bəy Hacıbəylidən, Qara Qarayevdən, Fikrət Əmirovdan bizlərə miras qalan klassik Azərbaycan mu­siqisi gələcək nəsillərə daha da inkişaf etmiş və səviyyəli formada ötürüləcək.

 

R.QURBANLI
XQ



Mədəniyyət