Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Astanada təqdim olunub

post-img

Qazaxıstan Respublikasının Prezident Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş “Abay Azərbaycanda və dünyada” kitabının təqdimatı keçirilib.

Qazaxıstan Respublikasının Prezident Mərkəzinin direktorunun müavini Botagoz Kaipova təqdimat mərasimini açıq elan edərək, Qazaxıstanın və bütün Türk Dünyasının mütəfəkkiri Abay Kunanbayevin zəngin irsindən danışıb. B.Kaipova Abay yaradıcılığının Azərbaycanda və ümumiyyətlə, bütün dünyada tanıdılması sahəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirərək, kitabın ərsəyə gəlməsinə görə minnətdarlığını bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva böyük şair, nasir, tərcüməçi, bəstəkar Abay Kunanbayevin təşkilat tərəfindən Azərbaycan dilində çap olunmuş yeni kitabının onun Vətənində – Qazaxıstanda təqdim olunmasının əhəmiyyətindən bəhs edib. 

Günay Əfəndiyeva Abayın xatirəsinin Azərbaycanda hər zaman yad edildiyindən söz açaraq, Ulu öndər Heydər Əliyevin sözlərini xatırladıb: “Abay və onun yaradıcılığı qazax xalqının qüruru və xoşbəxtliyidir. O, bütün bəşəriyyətə, eyni zamanda Azərbaycan xalqına məxsusdur”. Eyni zamanda, Fondun Prezidenti 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakının küçələrindən birinə Abay Kunanbayev adının verilməsi, Bakı Dövlət Universitetində Abay Kunanbayev adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması barədə məlumat verib.

Günay Əfəndiyeva Abayın 175 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İspaniyada poçt markalarının çap edilərək dövriyyəyə buraxılması və təşkilatın mərkəzi qərargahında “Abay Günü”nün qeyd edilməsindən danışıb. O, Abay yaradıcılığına daim diqqəti xüsusi vurğulayaraq, “Abay Azərbaycanda və dünyada” kitabında şairin Azərbaycan dilində və orijinalda şeirlərinin, görkəmli şəxsiyyət haqqında Azərbaycan yazıçılarının və ədəbiyyatşünasların məqalələrinin, Muxtar Auezovun “Abay” əsərindən Azərbaycan dilinə tərcümə olunmuş parçaların, məşhur “Əqliyyə” əsərinin, eləcə də bəstələrinin yer aldığını qeyd edib.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qazaxıstan Respublikası Parlamentinin Senatının deputatı Ruslan Rüstəmov, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, akademik Nizami Cəfərov, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, “Egemen Qazaxıstan” qəzetinin baş direktoru Dixan Kamzabekulı, Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasını başçısı Qaziza Nurgaliyeva və Abay Tədqiqat Institutunun Humanitar Elmlər üzrə Araşdırma Departamentinin başçısı Altınay Askarova çıxış edərək, Abayın zəngin yaradıcılığı haqqında danışıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Abay mirasının geniş tanıdılması istiqamətində fəaliyyətini yüksək dəyərləndiriblər.





Mədəniyyət