Yaranmasından 150 il ötən peşəkar milli teatrımızdan cəmi 9 yaş kiçik olan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı özünün 140-cı yubiley mövsümündə bir sıra nailiyyətlər qazanıb.
Ötən il burada sənətsevərlərə 4 yeni tamaşa təqdim edib. “Heydər Əliyev İli” çərçivəsində Aqşin Babayevin “Xilaskar” əsəri əsasında eyniadlı tamaşa xüsusi maraqla qarşılanıb. Yeni – 141-ci mövsüm ərəfəsində isə teatrın truppası Gəncədə qastrol səfərində olub. Kollektiv Gəncə Dövlət Dram Teatrının səhnəsində Viktor Hüqonun “Edama məhkumun son günü” tamaşası ilə çıxış edib. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır.
***
Qədim diyarda cari teatr mövsümünün açılışı da yaddaqalan olub.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov teatrın keçdiyi inkişaf yolundan danışıb. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Milli Dram Teatrında “Təməl”, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Sınaq” teatr-studiyasının yaradıldığını diqqətə çatdıran nazir müavini bildirib ki, Naxçıvan teatrı yeni mövsümdə Elçin Əfəndiyevin “Şekspir”, Jan Batist Molyerin “Skapenin kələyi” əsərləri əsasında səhnələşdirilən tamaşalarla izləyici qarşısına çıxacaq.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev məddah libasında səhnəyə çıxaraq nağılvari dillə Naxçıvan teatrının yaranmasından, milli ziyalıların teatrın inkişafı naminə gördüyü işlərdən danışıb.
Sonra Naxçıvan Teatrının inkişafında böyük xidmətləri olan görkəmli şəxsiyyətlərin – Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Eynəli bəy Sultanovun obrazları sənətsevərləri salamlayıblar. Ardınca isə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş olunub.
Ə.ƏLİYEV
XQ