Şuşa şəhərinin 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu daşıması ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi çərçivəsində bu həftə Qazaxıstanın Astana və Türkistan şəhərlərində keçirilən tədbirlər bütövlükdə Qarabağın tarixi və mədəniyyətinin təbliği baxımından önəmli olub.
Mədəniyyət günləri Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil edilib. Açılış mərasimlərində Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin komitə sədri Kumis Seitova, Fondun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Türkistan vilayəti başçısının müavini Beisenbay Tajıbayev çıxış ediblər. Bu kimi tədbirlərin iki ölkə arasındakı münasibətlərin daha da gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Tədbirlərdə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi tərəfindən hazırlanmış, Şuşada hazırda davam edən yenidənqurma işlərini əks etdirən qısa videomaterial nümayiş olunub. Sonra Azərbaycan Milli Geyimlər Mərkəzində hazırlanmış “Qarabağ” Qadın Milli Geyim Kolleksiyası təqdim edilib. Şuşaya həsr olunmuş rəsm əsərləri sərgilənib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 7 türk ölkəsini təmsil edən qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” qrupunun konserti qonaqlara unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, “Şuşa günləri” layihəsi daha öncə Bursa, Daşkənd və Budapeşt şəhərlərində uğurla keçirilib.
Ə.ƏLİYEV
XQ