Oktyabr 8–11-də Bakı və Şuşa şəhərlərində III “Qorqud Ata” Türk Dünyası Film Festivalı keçiriləcək. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Təşkilat Komitəsindən verilən məlumata görə, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir. 2021-ci ildən təşkil olunan bu festival ilk olaraq İstanbulda, ötən il isə Bursada keçirilib.
Builki festivalda Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin direktoru Firdavs Abduxalikov, Özbəkistan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Matyakub Matçanov, Qazaxıstan Respublikası "Milli Kinoya Dövlət Dəstəyi Mərkəzi" QSC-nin İdarə Heyətinin sədri Kurmanbek Jumaqali, "Qazaxfilm"in prezidenti Azamat Satıbaldı və digər türk dövlətlərinin müvafiq sahə üzrə rəsmi şəxsləri, TÜRKSOY-un rəhbərliyi, eləcə də tanınmış türkiyəli kinorejissor Semih Kaplanoğlu, ümumilikdə kinematoqrafçılardan ibarət 100-dən çox xarici qonağın iştirakı nəzərdə tutulur.
Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin Nizami Kino Mərkəzində nümayişi baş tutacaq.
Festival çərçivəsində türk dövlətlərindən olan tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakıda zirvə toplantısının keçirilməsi nəzərdə tutulur.
XQ