Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə Daşkənddə Şuşaya həsr olunmuş xüsusi xatirə poçt markasının buraxılması layihəsini həyata keçirib.
«Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı» adlı poçt markasının Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub.
Xüsusi dizaynla hazırlanan poçt markasının üzərində Şuşa qalası, Azərbaycan bayrağının təsviri, Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, dünya şöhrətli mütəfəkkirləri, şairləri, tanınmış şuşalılar, milli musiqi alətlərimiz olan qaval, tar, kamançanı əks etdirən ştrixlər, habelə Qarabağın, Şuşanın və qazanılan Zəfərin simvolu olan «Xarıbülbül» çiçəyinin rəsmi öz əksini tapıb.
TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bu il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan və Özbəkistanın mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistanda Şuşa günləri keçirilib, Vikipediyada Şuşaya dair özbək dilində bölmələr yaradılıb, Qarabağa - Şuşaya Özbəkistan KİV nümayəndələrinin mediaturları təşkil edilib, yaxın zamanda isə Şuşaya dair bir neçə dildə ensiklopedik nəşr də çap ediləcək.
Qeyd edək ki, «Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı» adlı poçt markası xatirə üçün Özbəkistan və Azərbaycan muzeylərinə, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndəriləcək, poçt markasının Daşkənddə və Bakıda təqdimat mərasimləri keçiriləcək.
Qulu Kəngərli
“Xalq qəzeti”nin xüsusi müxbiri
Daşkənd