Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günü

post-img

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü ilə Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin anım günü tədbiri təşkil edilib.

Tədbirdə elm xadimləri, mətbuat nümayəndələri, şair və yazıçılar, tələbə-gənclər  iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanda tarixi roman janrının görkəmli nümayəndəsi, Xalq yazıçısı Əzizə xanım Cəfərzadənin yaradıcılığında, vətənpərvərlik, Vətənə, xalqa sevgi motivlərinin hər zaman üstünlük təşkil etdiyini söylədi. Əzizə Cəfərzadənin, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlərinin olduğunu, onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlərinin həmişə elmi ictimaiyyətin marağına səbəb oldunu söyləyərək, bu gün kitabxanaya tarixi mütaliə sorğuları ilə müraciət edən oxuculara ilk növbədə Əzizə xanımın kitablarının tövsiyə olunduğunu da bildirdi.  Cənab Prezident İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasəti, müzəffər ordumuzun rəşadəti və xalqımızın birliyi sayəsində qazanılan qələbəmiz haqqında gələcəkdə yüzlərlə tarixi romanların yazılacağını və bu əsərlərin yazılmasında Əzizə Cəfərzadənin yaradıcılığının nümunə olacağını söylədi.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı çıxışında Azərbaycanın ilk xanım şairəsi Mirvarid Dilbazinin misraları ilə poeziyasevərləri salamlayaraq, Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlərin daim yüksək qiymətləndirildiyini, onun müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət" ordeni, 2001-ci ildə isə "Azərbaycan Anası" və "Xalq Yazıçısı" kimi yüksək adlar ilə təltif edildiyini bildirdi.  

Əzizə Cəfərzadənin ailə üzvü Turan İbrahimov müəllifin kitablarının Gənclər Kitabxanasının rəflərində gördüyündən çox məmnun olduğunu bildirərək, bü gün Əzizə Cəfəradə yaradıcılığının, Azərbaycan tarixi roman janrının geniş təbliğ olunduğunu, bu mövzuda çap olunan kitabların sayının qürurverici olduğunu bildirdi. Daha sonra çıxışında Əzizə Cəfərzadənin 1948-1963-cü illərdə çapına icazə verilməyən və ilk dəfə 1986-cı ildə, daha sonra 2021-ci ildə çap edilən “Qobustan çökəklərində” adlı kitabı haqqında məlumat verdi.

Birinci Qarabağ Müharibəsi qazisi, mayor Aida Şirin öz çıxışında 44 günlük Zəfər tarixinin bizə bəxş etdiyi fəxarət duyğusundan bəhs edərək, Azərbaycan qadınlarının əsrlər boyu öz mərdliyi, əzmkarlığı, müdrikliyi ilə seçildiyini bildirdi. Əzizə Cəfərzadənin Türk dünyasının əsl xanımı olduğunu, onun şəxsi keyfiyyələrinin müasir gəncliyə nümunə olduğunu söylədi.

Professor Vaqif Sultanlı, filologiya üzrə fəlsəfə doktoru,  dosent, Tacir Səmimi, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva,  şair, sosioloq, publisist, AYB-nin üzvü, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu, şairələr Zərifə Sufi,  Əzizə Ağahüseyn qızı və Xan qızı Xurşidbanu Natəvanın nəslindən olan Mehriban Abdullayeva öz çıxışlarında Əzizə Cəfərzadənin öz xalqının, millətinin tarixini, etnoqrafiyasını dərindən bilən və tədqiq eden araşdırmaçı, bir sıra şifahi xalq ədəbiyyatı nümunələrini toplayan ədəbiyyatşünas, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan ictimai xadim kimi geniş fəaliyyətindən söhbət açdılar. Müəllifi olduğu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələrinin dövrü mətbuatda çap edildiyini bildirdilər.

Tədbirdə kitabxana əməkdaşları tərəfindən hazırlanan “Aləmdə səsim var mənim” adlı videomaterial nümayiş olundu, Əzizə Cəfərzadənin şeirləri səsləndirildi, aşıq-sənət nümunələri ifa edildi. 

Tədbirin sonunda Turan bəy İbrahimov Əzizə Cəfərzadənin kitablarını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.







Mədəniyyət