Bu gün Laçın sürətlə dirçəldilir və məskunlaşdırılır. 30 illik işğaldan sonra yenidən özümüzə qayıdan Laçında olmaq hər kəs üçün qürurvericidir. Artıq 180 ailənin –700 nəfər keçmiş məcburi köçkünün rayonda daimi məskunlaşması təmin edilib və köçürülmə prosesi davam etməkdədir.
Laçında teatr və kino xadimlərinin yay düşərgəsinin təşkil olunması fərəhli hadisələrdəndir. Düşərgə “Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə Teatral Studiya tərəfindən yaradılıb. Orada Azərbaycan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov və Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşovun layihələri reallaşdırılır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi seçimlərindən keçən tələbələrin də qatıldığı 20 günlük yay düşərgəsində üç tamaşa hazırlanıb və bir neçə günə nümayiş olunacaq. Rejissor Ceyhun Dadaşovun dediyinə görə, məqsəd işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq tamaşalar hazırlamaq, milli mədəniyyətimizi burada da inkişaf etdirməkdir. “İyulun 22-dən başlayan hazırlıqlar yekunlaşmaq üzrədir. Layihə ilə bağlı tamaşalar məhz Laçın torpağında hazırlanır. Avqustun 8-də Nicat Kazımovun quruluşunda Cəfər Cabbarlının “Sevil”, 9-da mənim quruluşumda Maksim Qorkinin “Danko haqqında əfsanə”, 10-da isə Mehriban Ələkbərzadənin Jan-Pol Sartrın “Son xətt” tamaşalarının premyerası olacaq.
Həmçinin layihə çərçivəsində Fuad Əlişovun rejissorluğu ilə çəkilən “Lazım gəlsə” adlı filmin təqdimatı gözlənilir. Qeyd edək ki, bu, işğaldan azad olunan ərazidə çəkilmiş ilk qısametrajlı filmdir.
“Xalq qəzeti”