Məlum olduğu kimi, ötən il İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Ukrayna taxılının Qara dəniz üzərindən dünya bazarlarına çıxarılması ilə bağlı Rusiya, Ukrayna və Türkiyə arasında “taxıl sazişi” imzalanıb. Bu, çağdaş dünya diplomatiyasında böyük uğur sayılan bir sənəd idi.
Ukrayna ötən bir il ərzində Qara dənizdəki limanlarından dünya bazarlarına milyon tonlarla taxıl ixrac edərək bundan xeyli vəsait əldə edib. Burada böyük humanist məqsəd də var. Sazişdə nəzərdə tutulduğu kimi, Ukrayna taxılının böyük bir qismi son illər yoxsulluqdan və ərzaq çatışmazlığından kəskin əziyyət çəkən Afrika ölkələrinə göndərilib. Nəticədə on minlərlə ailəni aclıq və xəstəliklərdən xilas etmək mümkün olub.
Dünya ümid edirdi ki, taxıl sazişi bu il də qüvvədə qalacaq. Amma belə olmadı. Belə ki, iyulun 17-də Rusiya hökuməti birtərəfli olaraq sazişdən çıxdığını bəyan etdi. Moskva bunu onunla izah etdi ki, sazişin Rusiyaya aid olan hissəsi yerinə yetirilməyib. Yəni sənəddə qeyd olunmasına baxmayaraq, Rusiya taxılının və bu ölkədə istehsal olunan müxtəlif gübrələrin ixracına tədbiq edilən məhdudiyyətlər aradan qaldırılmayıb.
Qeyd edək ki, taxıl ixracı Ukraynanın əsas gəlir mənbəyidir. Ölkənin təkcə ötən il taxıl satışından qazancı 10 milyard dollar olub. Ukraynanın bu gəlirlərdən məhrum olması ölkə iqtisadiyyatına böyük zərbə ola bilər. Rusiyanın Ukrayna taxılının ixracına mane olmağa çalışması məhz bu amildən qaynaqlanır. Belə ki, Moskva öz rəqibini maliyyə cəhətdən boğmağa çalışır.
Dünyanın bir çox nüfuzlu dövlətləri və beynəlxalq qurumlar taxıl ixracının dayandırılmaması üçün Kremlə israrla müraciət etdilər. Amma Rusiya rəsmiləri yalnız yuxarıda qeyd edilən şərtlərin yerinə yetiriləcəyi təqdirdə, sazişə qayıtmağın mümkün olduğunu bəyan etdilər. Qərb dövlətləri isə Rusiyaya qarşı iqtisadi sanksiyaları ləğv etməyi ağıllarına belə gətirmirlər.
Belə bir çətin məqamda ümid yalnız qardaş Türkiyəyə və onun lideri R.T.Ərdoğana qalmışdı. Təsadüfi deyil ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu yaxınlarda bildirmişdi ki, yalnız Türkiyə Prezidenti “taxıl sazişi”nin bərpa olunmasını təmin etmək iqtidarındadır. Nazirin sözlərinə görə, R.T.Ərdoğanın Ukrayna və Rusiya prezidentləri ilə əla şəxsi münasibətləri var.
Görünür, cənab D.Kuleba kimə güvənmək lazım olduğunu yaxşı bilir. İndi, həqiqətən tunelin o biri tərəfində işıq görünür. Rəsmi xəbər yayıldı ki, avqustun 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Çoxlarının yadına dərhal “taxıl sazişi”nin taleyi düşdü.
İki lider arasında telefon danışığı barədə rəsmi açıqlamada deyilirdi ki, prezidentlər ikitərəfli və regional məsələlər üzrə fikir mübadiləsi aparıblar. Tərəflər Putinin Türkiyəyə səfəri ilə bağlı da razılığa gəliblər.
Bununla belə səfərin vaxtı açıqlanmayıb. Türkiyə rəsmiləri bildirirlər ki, avqustun sonlarına nəzərdə tutulmuş bu səfərin detalları Ankara və Moskva arasında müzakirə olunur. Ümid edək ki, bütün məqamlar diplomatik yollarla öz həllini tapacaq. Çünki həmin görüş zamanı hazırda bütün dünyanı çox narahat edən “taxıl sazişi”nin icrasını bərpa etmək olar.
Türkiyə lideri, əlbəttə, bu çətin problemin həllinin fərqindədir. O, telefon bağlantısı zamanı bu il avqustun 2-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa və İzmayil portlarındakı taxıl qurğularına dron zərbələri endirməsindən narahat olduğunu dilə gətirib və Rusiya Prezidenti Vladimir Putini onsuz da gərgin olan vəziyyəti eskalasiya edən hərəkətlərdən çəkinməyə çağırıb.
R.T.Ərdoğan bildirib ki, ötən il “taxıl sazişi”nin icra olunması nəticəsində buğda məhsullarının qiymətləri orta hesabla 23 faiz aşağı düşmüşdü, son iki həftədə isə 15 faiz yüksəlib. Bəllidir ki, dünyanın çox yerində, eləcə də Türkiyə və Rusiyada inflyasiyanın sürətini son vaxtlar heç cür “cilovlamaq” olmur.
Yeri gəlmişkən, Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda deyilir ki, Prezident Ərdoğan Rusiya-Ukrayna müharibəsi əsnasında gərginliyi eskalasiya edəcək addımlardan çəkinməyin zəruriliyini bildirib və “sülh körpüsü” adlandırdığı Qara dəniz təşəbbüsünə qayıdışın əhəmiyyətini vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə avqustun 2-də deyib ki, Moskva onun narahatlıqlarının təmin ediləcəyi təqdirdə “taxıl razılaşması”na dərhal qayıtmağa hazırdır. Mətləbdən uzaqlaşmadan bildirək ki, D.Peskov türk dilini əla bilir və bu dildə mükəmməl danışır.
Türkiyə mətbuatı qeyd edir ki, Ankara ilə Moskva arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalana bilər. Bir çox analitiklərin fikrincə, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri çərçivəsində belə bir müqavilənin imzalanması mümkündür. Türkiyə regionda qaz “hab”ına (qovşaq) çevrilir və Rusiya bunda maraqlıdır.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”