Nigerdə hakimiyyəti ələ keçirən hərbiçilər Fransa ilə hərbi razılaşmaları pisləyib. Nigerin Fransa, eləcə də ABŞ, Nigeriya və Toqondakı səfirlərinin səlahiyyətlərindən məhrum edildiyini bildirib.
Hadisələrin bu fonunda Nigerin hərbi yolla devrilən Prezidenti Məhəmməd Bazum ABŞ və beynəlxalq ictimaiyyətdən kömək istəyib. O, ünvanladığı müraciətində girovda olduğunu və köməyə ehtiyacının yarandığını söyləyib. “Vaşinqton Post” qəzetində dərc olunan məqalədə M.Bazum ABŞ və beynəlxalq ictimaiyyəti Nigerin konstitusiyasının bərpasına yardım etməyə çağırıb. Demokratik yolla ölkə rəhbəri seçildiyini deyən M.Bazum xatırladıb ki, bu, Mərkəzi və Qərbi Afrikada son 3 ildə 7-ci hakimiyyət çevrilişidir. O, hərbi çevrilişin reallaşacağı təqdirdə bunun Niger, region və bütün dünya üçün dağıdıcı nəticəsi olacağını bildirib. Devrilmiş prezident hakimiyyətə qarşı bir qrup hərbçinin çevrilişinin heç bir əsasının olmadığını vurğulayıb.
Məhəmməd Bazumun sözlərinə görə, bütün mərkəzi Sahel regionu “Vaqner” qrupu vasitəsilə Rusiyanın təsiri altına düşə bilər. Bu isə Qərbin maraqlarına ziddir. Əgər Niger Rusiyanın orbitinə düşərsə, o zaman dünyada atom enerjisi sahəsində Moskvadan asılılıq artacaq. Bundan əlavə, Qazaxıstan və Özbəkistan dünyanın əsas uran istehsalçıları sırasındadır. Onların payına dünyanın hasil olunan ehtiyatlarının təxminən yarısı düşür. Bu rəqəmə Rusiya və Nigeri də əlavə etsək, o zaman bu dörd ölkədə hasil olunan uranın payı 60 faizə qədər artacaq. Qərb isə istənilən halda buna imkan verməyəcək.
M.Bazum hazırda paytaxt Niameydəki Prezident sarayındadır.
Nigerdə baş tutan hərbi çevrilişdə isə ən çox zərər çəkən ölkə Fransadır. Artıq hərbi rejim Fransa ilə hərbi müqaviləni ləğv edib. Həmin müqaviləyə əsasən, Fransa hərbçiləri terrorçu qruplara qarşı mübarizədə Niger hakimiyyətinə yardım edirdi. Bundan başqa, bu ölkədə “France 24” telekanalı və RFI radiostansiyasının yayımı da dayandırılıb. Bu barədə RFI radiosu məlumat yayıb. Sözügedən KİV bu məsələdə son çevrilişdə iştirak edənləri günahlandırıb. Məlumatda deyilir. “Nigerdəki çevrilişdən bir həftə sonra, yerdəki bir neçə mənbənin məlumatına görə, ölkədə RFI və “France 24” proqramlarının yayımı kəsilib”.
Nigerdən gələn başqa bir məlumat isə Məhəmməd Bazum hakimiyyətdən kənarlaşdırıldıqdan sonra ölkə ərazisində tətbiq edilən komendant saatının ləğvidir.
Xatırladaq ki, iyulun 26-da Nigerdə hərbçilər qiyam qaldıraraq Prezident Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb. Hərbi çevrilişin rəhbəri general Abdurahman Çiani özünü Nigerin yeni lideri elan edərək bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.
ABŞ, Fransa, Aİ, Afrika İttifaqı, ECOWAS hərbi çevrilişi pisləsə də, Mali və Burkina Faso hərbçiləri dəstəkləyir. Bu iki ölkə Nigerə istənilən xarici hərbi müdaxilənin onlara qarşı müharibə kimi qəbul olunacağı barədə xəbərdarlıq edib.
P. ƏFƏNDİ, “Xalq qəzeti”