3-cü mərhələdə 6 şahmatçımız mübarizə aparacaq
Bakıda dünyanın ən güclü şahmatçılarının iştirakı ilə keçirilən dünya kuboku yarışı maraqlı, eyni zamanda gərgin mübarizə şəraitində davam edir. Azərbaycan intellektual sahibləri də medala əsas iddiaçılar kimi turnirdə inamla yarışırlar. Yarışa rekord sayda - Azərbaycanın 18 təmsilçisi qatılıb. Dünya kubokları tarixində heç bir ölkə bu qədər iştirakçı ilə təmsil olunmayıb. Turnirdə artıq ikinci mərhələyə yekun vurulub.
Yarışda favoritlər – keçmiş dünya çempionu, norveçli Maqnus Karlsen, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov, FİDE-nin bayrağı altında çıxış edən Yan Nepomnyaşi, polşalı Yan Kşiştov Duda və amerikalı Fabiano Karuana 3-cü mərhələyə vəsiqə qazansalar da, ABŞ şahmatçıları Hikaru Nakamura və Uesli So kimi bəzi top oyunçular dünən təşkil edilən tay-brekdə mübarizə aparmalı olublar.
İkinci mərhələdə ən böyük sürprizlərdən biri super qrossmeyster Şəhriyar Məmmədyarovun sinqapurlu Tin Jinqaoya uduzaraq növbəti mərhələyə adlaya bilməməsi olub. Eyni aqibəti 2021-ci il dünya çempionatının qalibi Nodirbek Abdusattorov da yaşayıb. Reytinqcə aşağı səviyyəli türkiyəli Vahap Sanala məğlub olan Abdusattorov yarışdan kənarda qalıb.
Dünya kubokunda digər maraqlı məqamlar da olub. Dünyanın ən yüksək reytinqli oyunçusu Maqnus Karlsenin üstün olmasına baxmayaraq, gürcüstanlı Levan Pantsulayın da şansları var idi. Lakin onun gərgin məqamda həlledici səhvə yol verməsindən Maqnus yararlana bildi.
Qadınların yarışında da bir çox sürpriz nəticələr qeydə alınıb. 2021-ci il dünya çempionatının qalibi, İsveçrəni təmsil edən Aleksandra Kostenyukun aşağı reytinqli çinli Yan Tianqiyə (250 xal fərq) uduzması heç-heçə ilə nəticələnib və onlar tay-brekdə mübarizə aparmalı olublar. Qadınlar arasında dünya çempionu, çinli Ju Venjun da aşağı reytinqli (200 xal fərq) slovakiyalı rəqibi Eva Repkovla bacarmadığı üçün matçın taleyini tay brekdə həll etməli olublar.
Azərbaycan şahmatçılarına gəldikdə, II mərhələnin cavab görüşlərində Teymur Rəcəbovla yanaşı, qadın təmsilçimiz Ülviyyə Fətəliyeva da 3-cü mərhələyə vəsiqə qazanıb. 2019-cu ildə dünya kubokunun qalibi olan T.Rəcəbov macar Viktor Erdoşla cavab oyununda qələbə qazanıb. Rəcəbov 2 görüşün nəticəsinə əsasən, 1,5-0,5 hesablı qələbə qazanıb. Ülviyyə Fətəliyeva isə Polşa təmsilçisi Monika Soçkonu 1,5-0,5 hesabla məğlub edib.
Komandamızın digər üzvləri Vüqar Əsədli Yan Nepomnyaşi, Misrəddin İskəndərov hindistanlı Domaradju Qukeş, Aydın Süleymanlı iranlı Parham Maqsudlu, Vasif Durarbəyli isə Jül Mussara (Fransa) uduzduqları üçün növbəti mərhələyə keçə bilməyiblər.
Qadınların yarışında isə Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova 1\32 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, Azərbaycan şahmatçılarından Nicat Abasov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov və Abdulla Qədimbəyli hər iki görüşdə rəqibləri ilə heç-heçə oynadıqlarından həlledici mərhələ sayılan tay-brekdə mübarizə aparıblar.
Şahmatçılarımız Nicat Abasov, Rauf Məmmədov, Abdulla Qədimbəyli, Qədir Hüseynov tay-brekdən qalib ayrılıblar.
Bu gün şahmatçılar 3-cü mərhələdə mübarizəni davam etdirəcəklər. Bakıda gərgin rəqabət şəraitində keçən yarışda hər bir şahmatçı qələbə ümidi ilə mübarizə aparır. Paytaxt Bakıda mötəbər turnirdə ən güclülərin müəyyənləşdirilməsi üçün hər bir şərait yaradılıb. Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov “Xalq qəzeti”nə müsahibəsində indiyədək ölkəmizdə şahmat üzrə ən nüfuzlu yarışların yüksək səviyyədə keçirildiyini bildirdi və qeyd etdi ki, budəfəki dünya kuboku yarışında da şahmatçıların öz potensiallarından maksimum istifadə etmələri üçün geniş imkanlar yaradılıb: “FİDE ölkəmizə böyük etimad göstərib. Dünya kuboku yarışı 2015-ci ildə Azərbaycanda keçirilmişdi. Yubiley - 10-cu dünya kuboku yarışının da Bakıda təşkili Azərbaycana olan etimadın göstəricisdir”.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan edildiyini diqqətə çatdıran Faiq Həsənov qeyd etdi ki, bu il ölkəmizdə bütün sahələr üzrə çox mühüm beynəlxalq tədbirlər keçirilir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində idmanın, o cümlədən şahmatın inkişafına daim böyük qayğı göstərib. Ulu öndərin təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib. Ölkəmizdə güclü şahmat məktəbi yaradılıb və bu proses indi də davam edir. Şahmatın inkişafına Azərbaycan Prezidenti İlham Əliyev də daim diqqət və qayğı göstərir. Bütün bunlar şahmatçılarımızın yeni qələbələr qazanmalarına əsas yaradır.
Federasiya rəsmisi şahmatçılarımızın çıxışına da münasibət bildirdi: “Dünya kubokunda gözlənilməz nəticə Tin Jinqao (Sinqapur) - Şəhriyar Məmmədyarov partiyasında qeydə alındı. Əlbəttə, Şəhriyar potensialına görə qalib gəlməli idi. Amma bu, idmandır. Oyunda qələbə də, məğlubiyyət də olur. Ümumilikdə, şahmatçılarımız yaxşı çıxış edirlər. Ümid edirəm ki, azarkeşlər, idman həvəskarları Bakıda ədalətli mübarizə, maraqlı və həm də gərgin rəqabət şəraitində keçən dünya kuboku yarışından zövq alacaqlar”.
Leyla QURBANOVA,
“Xalq qəzeti”