Tələbə yoldaşım Əlislam Bilalın xatirəsinə
Ötən əsrin 70-ci illəri idi. Bakıda ilk tanış olduğum adamlardan biri də sonradan tələbə yoldaşımız olmuş kürdəmirli şair Əlislam Səmədov idi. Atası Bilal müəllim rəhmətə gedəndən sonra Əlislam Bilal təxəllüsünü götürmüşdü. İndi o özü də dünyada yoxdur.
Bayılda – Neftçilərin İliç adına Mədəniyyət Sarayında (indi o da yoxdur) fəaliyyət göstərən ədəbi birlikdə tanış olmuşduq.
Əlislam Paris Komunnası adına gəmi təmiri zavodunda işləyirdi (indi o yoxdur), mən isə 26 Bakı Komissarı adına Neft və Qazçıxarma İdarəsində (o da yoxdur) çalışırdım.
Əlislamın Tofiq Bayramla tez-tez salaməleykümü olurdu (indi o yoxdur), mənim isə Oqtay Rza ilə, təxminən, 10 illik salam stajım var idi (indi o da yoxdur).
Əlislam məni “KASPAR”ın yataqxanasında (o da yoxdur) Tofiq Bayramla görüşə dəvət etmişdi. Məclisi rəhmətlik Allahverdi Məmmədli aparırdı – o da yoxdur.
Mən isə Əlislamı neftçilərin yataqxanasında (o, yoxdur) yazıçı Firudin Ağayevlə (o da yoxdur) keçirilən görüşə dəvət etmişdim.
Əlislam bir dəfə məni SSRİ-nin (Allaha şükür ki, o da yoxdur) 50 illiyi adına Dillər İnstitutunda (o da yoxdur) yenicə Komsomol mükafatı laueratı adı almış (o yoxdur) Cabir Novruzla (o da yoxdur) görüşə dəvət etmişdi.
Mən isə ona Bakıda keçirilən Sovet Ədəbiyyatı Günləri (o da yoxdur) çərçivəsində Rəsul Həmzətovla (o da yoxdur) keçirilən görüşə dəvətnamə almışdım.
Offf... iş uzanır. Nədən söz açsam, o yoxdur, o da yoxdur, o biri də yoxdur...
5-6 il əvvəlin söhbətidir. Bakıdakı şadlıq saraylarından birində toyda iştirak edirdik. O saray indi də var. Bizdən bir neçə masa aralıda əyləşmiş gənclərdən biri qalxaraq mənə sarı gəldi:
– İttifaq əmi salam! Sizi görməyimə nə qədər şad olduğumu deyə bilmirəm.
– Təşəkkür edirəm! Amma incimə, mən səni tanıya bilmədim.
– Əmi, mən Əlislam Bilalın oğluyam.
Qucaqlayıb bağrıma basdım.
Allaha min şükür ki, O VAR!!!
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”