125 yaşlı kinomuz

post-img

Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli bu illər ərzində kinomatoqrafiyanın keçdiyi uğurlu və zəngin yoldan, bu sahədə gənc rejissorların böyük peşəkarlıq göstərməsindən danışdı. Ümumilli lider Heydər Əliyevin kino sənətinə xüsusi önəm verdiyini qeyd edən nazir ulu öndərin sayəsində kinomatoqrafiyanın adət-ənənlərimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin dünyaya çatdırılmasında, həmçinin insanların vətənpərvərlik ruhunda tərbiyə edilməsində, onlarda estetik zövqün formalaşmasında mühüm rol oynadığını dedi. 

 Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Milli kino sahəsində fəaliyyət göstərən təcrübəli gənclərin bu işdə var gücü ilə çalışaraq, kinomuzu daha da yüksək səviyyəyə qaldıracaqlarına ümid etdiyini bildirdi.

Sonra, Milli Kino Günü ilə əlaqədar Əməkdar kino xadimləri və gənc kinematoqrafçıların mükafatlandırma mərasimi oldu. Əməkdar artist Əliqulu Səmədov, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və digər Əməkdar mədəniyyət işçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən təltif olundular. “Suğra və oğulları” bədii filmində Barat roluna görə İlqar Cahangir, Azərbaycan sənədli filminin beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə İmadəddin Həsənov və digər incəsənət xadimlərinə fəxri diplomlar təqdim olundu. 

 Azərbaycan kinosunda uzun illər səmərəli fəaliyyətinə görə Akif Rüstəmov, Ramin Ələkbərov, Babək Abbaszadə və digərləri Kino Agentliyi, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Elçin Hami Axundov, Əbdül Mahmudov, Şükufə Yusifova kimi Milli Kinomuzda iz qoymuş ssenarist və rejissorlar isə Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırıldılar. 

Tədbirdə Avanqard Kamera Orkestrinin dirijoru Rüfət Xəlilovun müşayiəti ilə Milli Kinomuzda yaddaqalan musiqi əsərləri səsləndirildi.

Hər il olduğu kimi bu il də Ulu Öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı Sərəncamla avqustun 2-də kino işçilərinin peşə bayramı - Milli Kino Günü kimi qeyd olunur. Bu gün 125 yaşlı Azərbaycan kinosu inkişaf edərək, artıq yeni mərhələyə qədəm qoyub. Milli kinomuza dövlət qayğısı yeni filmlərin çəkilişinə təkan verib. Buna görə də, artıq filmlərimiz beynəlxalq festivallarda uğurla nümayiş etdirilir və bir sıra mükafatlara layiq görülür. Bütün bunlar Azərbaycan kino mədəniyyətinin dünyada təbliğinə böyük töhfədir. 

Fidan HÜQUQQIZI,

Elşən Ağalarov (foto),

“Xalq qəzeti”

 











Mədəniyyət