“Avesta”nın yazıldığı dağ – Müqəddəs Süleyman - Too

post-img

Qırğızıstanın Oş şəhəri Mərkəzi Asiyanın qədim şəhərlərindən biridir. Şəhərin 2500 yaşı var. Minilliklər ərzində yerləşdiyi coğrafi məkana görə Böyük İpək Yolunun tranzit şəhəri olub. Yerli sakinlər səyyahlara, tacirlərə, karvan sahiblərinə qulluq etməklə cörəkpulu qazanıblar. Oş ticarət üçün əlverişli yer olduğundan tacirləri, cənətkarları, heyvandarları və əkinçiləri özünə cəlb edib.

Yaşıl dağ yamaclarında yerləşən Oş şəhərinin ən nadir tarixi abidəsi Cü­leyman-Too dağıdır. Bu müqəddəs dağ əsrlərlə şəhəri yaddelli düşmənlərdən qoruyub və uzun illərdir ki, zəvvarların və turistlərin sevimli yerinə çevrilib. 2009-cu ildə Süleyman-Too UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb.

Qərbdən Şərqə uzanan Süley­man-Too dağının uzunluğu 11 min 140, eni 560, hündürlüyü 1162 metrdir. Dağ qədim zamandan sakral əhəmiyyətə ma­lik olub, bunu qorunub saxlanan petroq­liflər sübut edir.

Fərqanənin Ərəb xilafətinin tərki­binə daxil olduğu dövrdə Süleyman-Too haqqında ilk yazılı məlumata ərəb cöğ­rafiyaşünası əl-İstaxrinin “Dövlətlərin yol tarixi” (X əsr) əsərində rast gəlinir. XVI əsrdə dağ Bara-Kux, conra isə XX əsrə qədər Taxtı-Süleyman adlanıb.

Dağın zirvəsində “Taxtı-Süleyman” məscidi yerləşir, tarixçilər bu məscidi Baburun hakimiyyəti dövrünə aid edirlər. Dağın ətəyində isə XVI əsrə aid “Abdul­laxan ravatı” məscidi və Asaf ibn Burxiya (XVIII əsr) mavzoleyi var. Süleyman-Too dağında yeddi mağara da var ki, bun­lardan ən məşhuru Çakka-Tamar və Te­peunkur mağaralarıdır. Dağdakı ən kiçik mağara Tamçı Tamar adlanır. Bu mağa­ranın lap dərinliyində Quranı xatırladan kitab formasında daş var. Bu daşın üzə­rinə əlini qoyub nə arzu etsən, çin olur. Bu mağaraya düşmək isə hər igidin işi deyil. Mağaraların divarlarından axan su damcılarına Süleymanın göz yaşları de­yilir. Dağın sağ ətəyində orta əsrlərə aid hamam var.

Süleyman-Too haqqında saysız əf­sanələr dolaşır. Deyirlər ki, bu dağda Məhəmməd Peyğəmbər namaz qılıb, ona görə dağın zirvəsində ərəb hərf­ləri ilə yazılan “Allah” sözünü oxumaq olur. Dağın zirvəsində, həmçinin böyrü üstə uzanmış insan silueti görünür. Rə­vayətə görə bu, Süleyman peyğəmbərin siluetidir. Yerli sakinlər danışır ki, Süley­man peyğəmbər öz ordusu ilə səyahət edərkən bu dağa çatır və orduya dayan­maq əmri verir. O, əli ilə “Xoş!”, yəni “Ki­fayətdir!” işarəsini göstərir. Bu dağ o gün­dən Süleyman-Too, şəhər isə Oş adlanır.

X əsrdən başlayaraq, Asiya qitəsinin hər yerindən zəvvarlar bu dağa ziyarətə gəlir. Belə hesab olunur ki, Süleyman peyğəmbər bu dağda Allaha dualar edib və daşların üzərində onun alnının və diz­lərinin izləri qalıb. Hər bir müsəlman üçün müqəddəs olan bu yerdə Əmir Teymurun nəticəsi, Böyük Moğollar Sülaləsinin ba­nisi Məhəmməd Zəhirəddin Babur (1483-1530) özünə mehrablı kiçik bir hücrə inşa etdirib. İndi həmin yerdə ağ daşdan məscid tikilib və arxiv mənbələrinə görə “Baburun evi” ni xatırladır.

Əfsanəyə görə, 5 zirvəsi olan Sü­leyman-Too ali qüvvələrlə yer arasında əlaqə yaradır. Dağın zirvələri Taxtı-Sü­leyman və ya Buura-Too ( Dəvə-dağ), Şor-Too (Duz dağı), Kattama-Too (Qat­lama dağ), Ruşan-Too (Ən yüksək) və Eer-Too (Yəhər dağ) adlanır. Dağın zirvələrində və yamaclarında çoxsaylı qayaüstü rəsmləri olan mağaralar turist­lərin diqqətini cəlb edir. Dağda insan və heyvan, həndəsi fiqurları əks edilən 101 obyekt var. Burada zəvvarların sitayiş etməsi üçün coxlu məkan mövcuddur ki, onların 17-də sonsuzluqdan, baş və bel ağrılarından əziyyət çəkənlər şəfa tapır.

Süleyman-Too dağında Bel-Taş ad­lanan maili yüksəklik müalicəvi əhəmiy­yətə malikdir. Kim bu yerdə üç dəfə beli üstə aşağı sürüşsə, oynaqlarındakı və onurğasındakı ağrılara son qoyular. “Ene beşiyi” (“Ana beşiyi”) adlanan yerdə övla­dı olmayanlar uşaqları olsun deyə dilək tuturlar.

Turistlərin ən çox sevdiyi yerlərdən biri dağdakı mağara-muzeydir. İkimərtə­bəli muzeyin birinci mərtəbəsi sonradan genişləndirilib, ikinci mərtəbə isə öz təbii halında saxlanılıb. Bu muzeydə 35 min ekcponat- təbii sənət əsəri nümayiş et­dirilir. Muzeydəki bəzi artefaktların yaşı 3000 ildən çoxdur. Mağara- muzeyin qarşısındakı meydançadan Oş şəhərinə gözəl mənzərə açılır.

Süleyman-Too oda sitayiş edən in­sanlar üçün də müqəddəs yer sayılıb. Bəzi tarixçilər bildirir ki, zərdüştilik döv­ründə Zərdüşt bu dağda yaşayıb və məş­hur “Avesta”nı burada yaradıb. Dağda od və su məbədinin mövcudluğu buna sübutdur.

Mərkəzi Asiyada müqəddəs kadam­jay, ərəb dilindən tərcümədə “Müqəd­dəsin izi” adlanan Süleyman-Too əsrlər boyu minlərlə insanın arzularını çin edib, onlara şəfa verib.

Xatırladırıq ki, qədim Oş şəhəri 2019-cu ildə “Türk dünyasının mədəniyyət pay­taxtı” olub. 

Qulu KƏNGƏRLİ,
“Xalq qəzeti”nin xüsusi müxbiri

Bişkek

Mədəniyyət