“İdman hamı üçündür” adlı rəsm sərgisi keçirilib

post-img

Xətai Sənət Mərkəzində Bakı Şəhər Gənclər və İdman idarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyul – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə tədbir keçirildi. Rəssamlıq sənətinə marağın artırılması, idmanın gənclər arasında təbliği və təşviqi məqsədilə 9-29 yaş yeniyetmə və gənclər arasında “İdman hamı üçündür” adlı rəsm sərgisi təşkil olundu. 

Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah Mehmanov bir neçə gün bundan öncə yeniyetmələrdən ibarət basketbolçularımızın Avropada birinci yer tutmasına diqqət çəkərək, gənclərin nəinki idmanda, bütün sahələrdə qazandıqları uğurlardan danışdı. Gənc nəslə qarşılarında duran vəzifələrin öhdəsindən layiqincə gəlmələrini, təkcə idmanda deyil, digər sahələrdə də uğur qazanmalarını arzuladı.

Sonra sərgiyə əl işləri ilə qatılan orta məktəb şagirdləri Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən 26 iyul Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə “İdman hamı üçündür” adlı rəsm sərgisində iştirak etdiklərinə görə diplomla təltif olundular. 

Sərginin məqsədi idmanın gənclərin və cəmiyyətin formalaşmasında müsbət təsirinin olduğunu göstərmək, onların pis vərdişlərdən uzaq olmasını təmin etməkdir. 

Ulu öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncam əsasında yaradılan Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ölkədə bir sıra gənclər forumu, dövlət proqramı əsasında təşkil olunmuş idman yarışları həyata keçirilir. Ən önəmli məsələlərdən biri də qurumun dəstəyi ilə bu sahədə istedadlı gənclərin yer aldığı “Gənclərin qızıl kitabı” adlı vəsaitin çap olunmasıdır. Bu da ölkəmizdə gənc idmançılarımıza göstərilən diqqət və qayğının ən bariz nümunəsi olduğunu bir daha sübut edir.

Fidan SALMANOVA,

“Xalq qəzeti”















Mədəniyyət