İyulun 14-də Azərbaycan Dövlət Kukla Teatrı özünün 91-ci teatr mövsümünü başa vurdu.
Mövsüm ərzində teatr ilə sıx əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçiləri və mədəniyyət sahəsində imzası ilə seçilən yazarlar “Teatrın dostu” mükafatının təqdimetmə mərasimində bir araya gəldilər.
Mərasimdə çıxış edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə yazarları qarşıdan gələn peşə bayramları – 22 iyul – Milli Mətbuat və Jurnalistika günü münasibətilə təbrik etdi, onlara yeni yaradıcılıq uğurları və cansağlığı arzuladı.
Azərbaycan Dövlət Kukla Teatrının sadiq dostları sırasında peşəkar qələm adamlarının, mədəniyyətimizə, teatrımıza bağlı insanların olmasından məmnunluqla danışdı. Onların sayəsində kuklaçıların fəaliyyətinin daim geniş auditoriyanın diqqət mərkəzində olduğunu dedi, davamlı əməkdaşlığa görə media təmsilçilərinə və onların simasında çalışdıqları qurumların rəhbərlərinə təşəkkürünü bildirdi: “Mədəniyyət sahəsindən yazmaq, teatra sevgi ilə yanaşıb, onu durmadan təbliğ etmək peşəkarlıq ilə yanaşı həm də bir yazardan yüksək zövq və sevgi tələb edir. Bu mənada illərdir kukla teatrına, kuklaçılara, onun yaradıcılığına diqqət ilə yanaşan bütün qələm əhli teatrın dostu, milli mədəniyyətimizin təəssübkeşidir.
Biz teatr ictimaiyyətinin fəaliyyətini teatrsevərlərin diqqətinə çatdırıb, körpü rolunu oynayan bütün dəyərli qələm əhlinə bir daha təşəkkür və zəngin mədəniyyətimizin təbliğ və tərənnümü yolunda əzmkarlıq arzulayıram”.
Gecədə 40-a yaxın media təmsilçisinə, eləcə də yaradıcı fəaliyyətində kukla teatrına xüsusi yer verən ictimai-sosial simalara “Teatrın dostu” simvolik mükafatı təqdim edildi.