Mədəniyyət xəbərləri

post-img

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi təşkilata üzv dövlətlərin səfirlikləri ilə birgə iyunun 24-də Avropa Oyunlar Parkında “Avropa təamları” adlı kulinariya festivalı keçirib. Açıq havada reallaşan bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə tanıtmaqdır.

Avropa Oyunlar Parkına (Su İdman Kompleksinin arxası) gələn Bakı sakinlə­ri Avropa mətbəxi ilə bağlı ustad dərslərinə qatılıblar. Orada təşkil olunan kulinariya mü­sabiqələri də maraqlı olub. Bolqarıstan, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Polşa və Rumıniya sə­firlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış ediblər. Tədbir zamanı Aİ nümayəndəliyi tərəfindən nəşr edilmiş “Avropa Təam­ları” adlı kitabın da təqdimatı olub. 

*** 

Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərinə start verib. Bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Lənkəran Dövlət Dram Teatrında “Bremen musiqiçiləri” tamaşası ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Qrim qardaşlarının eyniadlı məşhur nağılının motivləri əsasında yazı­lan pyesin müəllifləri Yuri Entin və Vasili Livanovdur. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradovadır. Səhnə əsərində Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Əliheydər, Xaliq Bəkirov, Araz Primov, Müşviq Əliyev və başqa aktyorlar iştirak edirlər.

*** 

Bəstəkar, Əməkdar artist, dosent Vüqar Camalzadə Öz­bəkistan Dövlət Konservatoriyasının (ÖDK) dəvəti ilə Daş­kənddə xalq çalğı alətləri ifaçılığı üzrə bakalavr və magistr buraxılış kurslarının dövlət imtahan komissiyasının sədri qismində çıxış edib. 

Yüz məzundan imtahan götürən bəstəkar özbək gənclərin bi­lik səviyyəsi və istedadını yüksək qiymətləndirib. Həmyerlimizin işindən razı qalan ÖDK rəhbərliyi gələcəkdə də əməkdaşlıq tək­lifi irəli sürüb. Vüqar Camalzadəyə diplom və xatirə hədiyyələri təqdim olunub.

Ə. DOSTƏLİ, “Xalq qəzeti”





Mədəniyyət