“Koroğlu” dastanının isə bir qolu bu şəhərlə bağlıdır. “Dəmirqapı Dərbəndə gedirəm. Ərəb paşanın qızı Möminə xanım boynuma deyin salıb, gərək gedəm, onu gətirəm”, - söyləyən Koroğlunun ilk sevgi macərası bu gözəl diyarla bağlıdır.
Dərbəndin şəninə dahi Nizaminin də söz qoşduğu məlumdur. Bu şəhərin hakimi Seyfəddin Müzəffərə bir qəsidə yazıb göndərən şair sarayda çox yüksək qiymətləndirilir. Seyfəddin Müzəffər Afaq adlı zəkalı kənizini Nizamiyə bağışlayır. Sonrakı əsrlərdə Xəstə Qasımın və Gülablı Aşıq Valehin “Dərbənd səfəri” dastanlarını oxuyaraq bu şəhəri diləzbərimizə çevirmişik.
Avropa ilə Asiyanın qovuşuğu olan coğrafi məkanda qərar tutmuş Dağıstanın Dərbənd şəhəri tarixin o başından dikəlib, bu başındakı gerçəklərdə, nağıl və dastanlarda bardaş quran ulu yurd yerlərimizdəndir. Karvan-karvan çal-çağır daşınıb, məclislər yeriyib, yığnaqlar qurulub, bəzirganlar, ozanlar könüllərimizdə bir Dərbənd taxtı ucaldıblar. Bəzi dönəmlərdə bizim üçün “dar bənd” olsa da, heç zaman Dərbənd gözümüzdən, dilimizdən uzaq düşməyib.
Nəhayət, üzünü görmək qismətini də yaşadıq. Şahidi olduq ki, Dərbəndin Azərbaycan türkləri avar, ləzgi, tabasaran, lak, qumuq, noqay, dargin, saxur və digər xalqlarla birlikdə mehriban dolanır, bir-birinin mədəni örnəklərinə, adət-ənənələrinə hörmət bəsləyirlər.
Dərbəndə məsafə və ruhca çox yaxın məkan Qubadır. İki şəhər arasında qurulmuş ədəbi körpünü “işlək” saxlayan şair dostumuz – AYB-nin Quba bölməsinin rəhbəri Ramiz Qusarçaylının təbirincə desək, Dərbəndin diri ruhu Narınqala əzəmətində, Calğan dağına qalxan yoxuşlarda, ərənlərin adlarına uyğun Qırxlar qapısı, Daşqapı, Carçıqapı, Bayat qapı, Orta qapıdan, digər ulu daşlardan boy göstərir. Bu qədim şəhər həm də şairlərin daşa dönən göz yaşı, rəssamların yağışda qarışan akvarel rəngləridir... Beləcə, baxışlarda cilvələnir, ürəklərdə döyünür, duyğu və düşüncələrdə bəslənir Dərbənd. Bu şəhər həm də bizim üçün 5000 illik tarixin səhifələrində dil-dil ötən giley-güzarlı soyumuz, öləndə xəzinə ürəklərini o dünyaya aparan şişpapaqlı ağsaqqallarımızdır.
Dərbəndli şair qardaşımız, AYB üzvü Fəxrəddin Oruc Qəribsəs deyir ki, bu şəhərin sakinləri “Heydər Əliyev Fondu”nun son illərdə atdığı addımlardan qürur duyurlar. Keçmiş “Sovetski”, indiki Heydər Əliyev prospekti, dünya ədəbiiyyatının parlaq günəşi Nizami Gəncəvinin, II Dünya Savaşının əsfanəvi qəhrəmanı Şəmsulla Əliyevin abidələri və adlarını daşıyan parklar yenidən qurulub.
İndi hər iki məkan şəhər əhalisinin ən sevimli istirahət məkanına çevrilib. İnişil Nizaminin 880 illiyi münasibətilə burada anım tədbiri, şairin adını daşıyan 6 nömrəli məktəbdə isə “İrs” regional ictimai təşkilatının xəttilə şəhər administrasiyası ilə birlikdə ədəbi-bədii gecə təşkil edilib. (Təəssüf ki, Azərbaycan dövləti vəsait ayırsa da, 140 yaşlı “Dərbənd-Azərbaycan Dövlət Teatrı”nın yeni binasının inşası gecikdirilir)...
Şimal bölgəmizin söz çiçəkləri ilk dəfə böyük mütəfəkkir Abbasqulu Ağa Bakıxanov tərəfindən 1835-ci ildə təməli qoyulan ədəbi məclislə solmaz bir “Gülüstan”a dönüb. Quba və ətrafında qaynar ədəbi mühit formalaşıb. Məclisin əhatə dairəsi Rusiyadan tutmuş bir sıra Avropa ölkələrinə qədər genişlənmiş, bütün Şərqdə ilk dramaturq qadın Səkinə xanım Axundzadənin, Mirzə Möhsün Xəyalinin, Xaltanlı Tağının, Xınalıqlı Əminin, Baba Buduqinin, Hacı Qubalının, Yetim Eminin, Süleyman Stalskinin və digər saz-söz ustalarının yetişməsinə gətirib çıxarmış, milli ədəbiyyatın və mədəniyyətin zənginləşdirilməsinə böyük töhfələr vermişdi.
Samurun o üzündən Məsum Dərbəndi, Feyzi Dərbəndi, Bayat Abbas, Yusif Dərbəndi, Diləfruz Pəri, Hüseynəli Xan Məhzun, Xəlil Dərbəndi, Zərnigar Dərbəndi, Əhməd Dərbəndi, Niftullah Dərbəndi, Məhəmməd Tağı Qumri, Zövqi, Mirzə Səməndərin gur poetik hayqırtıları, həzin, lirik pıçıltıları bu gün də eşidilir.
Şahdağdan Narınqalaya qədər və əksinə uzanan yollarda Quba və Dərbənd şairlərinin, söz azmanlarının ilhamı həmişə Samurun sularında ləpələnib həsrət nəğmələrinə, qüssə notlarına, qürur ifadələrinə dönüb. Bu gün Qubanın “Ay işığı” və Dərbəndin “Narınqala” ədəbi məclisləri uğurla çulğaşmaqda, nəfəs-nəfəsə nəğmələr ötməkdədir. “Təzadlı əsrimin vətəndaşıyam, təkcə baş daşında qalmasın adım” deyən şair Təhmirazın nigarançılığı, “Təkcə sən girirsən gizli röyama” deyən Çimnaz Nəcəfovanın etirafı, “Elə bil asılıb donmuş budaqdan, Şəfəqlər içində yanır qar quşu” deyən Fəxrəddin Orucun gözəllik tablosu, “Qanlı cəllad, niyə qıydın bizlərə?” ittihamını səsləndirən Şıx İbrahimin harayı, Aşıq Sakit Köçərinin “Misri” üstündəki cövlanı könüllərimizi duyğulandırır.
1993-cü ildə Qubada Ramiz Qusarçaylının təşəbbüsü və rəhbərliyi ilə “Ay işığı” yaradıldı və ətraf rayonların istedadlı qələm sahibləri bu işığa üz tutdular. Ondan 4 il sonra Dərbənddə “Narınqala” böyük sənətə cığır açdı, “Ay işığı” ilə əməli əlaqələr quruldu. “Dərbənd” qəzetinin nəzdində qurulan yaradıcılıq mühitinə görkəmli şair Təhmiraz İmamov yön verməyə başladı. Dərbənd şairlərinin əsərləri Bakıda, qubalı sənətçilərin əbədi nümunələri isə Dərbənddə dərc olunmağa başladı, görüşlər keçirildi, birgə tədbirlər planı cızıldı. “Ay işığı” adlı poeziya almanaxı vasitəsilə “Narınqala”nın söz inciləri respublikamızın mətbu orqanlarında işıq üzü gördü. “Quba” Xeyriyyə Cəmiyyətinin sədri professor Vaqif Arzumanlının yaxından köməkliyi sayəsində Dərbənd şairlərinin də geniş təqdim edildiyi dörd ədəbi toplu nəşr olundu.
Bu gün AYB Quba bölməsinin rəhbəri, yenicə TÜRKSOY-un “Nizami Gəncəvi” medalına layiq görülmüş Ramiz Qusarçaylını və qələmdaşlarını “Narın qala” və “Ay işığı” ədəbi məclislərini daha sıx bədii izdivaca, daha işıqlı sabahlara yönəltmək amalı birləşdirir. Necə deyərlər, Ayın işığı narın-narın Narınqalaya düşür, qalanın əzəməti isə sanki, dağları bir boy da ucaldır. Eyni zamanda, Qubada “Gülüstan”, Xaçmazda “Ulduzlar”, Xudatda “Söz işığında”, Şabranda “Xaqani şeir-sənət ocağı”nın, Dərbənddəki dərnəklərin söz-sənət naminə çalışmaları səngimir.
Şair demişkən, ara-sıra Bakıdan yol alan görüşlərlə təsəlli tapan həssas soydaşlarımızın ümidi o dağların yaralı daşlarının bərpasına, “dərd bəndimiz” Dərbəndin hər zaman gözdə-könüldə əziz tutulmasınadır.
Daşında, qalasında Dədə Qorqud ruhunun, obalarında Dədə Qorqud ləhcəsinin yaşadığı qədim şəhərin şairlərinin bəzi ədəbi nümunələrini oxuculara təqdim edirik.
Səhifəni hazlırladı:
Əli NƏCƏFXANLI,
AYB-nin üzvü