Ata ocağında oğul məclisi

post-img

Səməd Vurğunun Ev Muzeyində Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun 84-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. 

Böyük şairin həyat və yaradıcılığından bəhs edilən ədəbi-bədii gecədə Vaqif Səmədoğlunun ömür-gün yoldaşı, fəlsəfə doktoru Nüşabə Vəkilova, nəvəsi Vurğun Vəkilov, şair-yazıçı İlqar Fəhmi və digər qonaqlar şairlə bağlı xatirələrini bölüşdülər. 

Qeyd olundu ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olub, öz yaradıcılığı ilə yeni nəsillərin ədəbi zövqünün formalaşmasında mühüm rol oynayıb və bu gün də bənzərsiz əsərləri ilə gənclərin qəlbinə yol tapır. "Mənim yaradıcılığım üç mövzudan bəhs edir: Allah, ölüm və azadlıq." - deyirdi Vaqif Səmədoğlu. Əslində, bu üç məhfum onun yaşam üçbucağının üç üzü, üç bucağı, üç tərəfi idi. 

Çıxış edənlər dedilər ki,Vaqif Səmədoğlu poeziyası oxucunu yalan, saxta nə varsa hamısından azad olmağa səsləyir. Bu şeirlər qafiyə məsuliyyəti daşımır, ifadə və təsvir vasitələrinin yükünü boynuna götürmür, metafora-istiarə, metonimiya-sinekdoxa, bədii nida, ritorik sual qeydinə qalmır. Müdrik görünmək üçün fəlsəfi yüklə yüklənmir. Onun şeirlərində məntiq axtarmaq lazım deyil, sadəcə, necə başa düşürsənsə o cür də qəlbinə həkk olunur.

Şair poeziya ilə yanaşı, musiqi sahəsi ilə də məşğul olurdu. O, Bülbül adına musiqi məktəbini fortepiano sinfi üzrə əla qiymətlərlə bitirib. Filarmoniyada maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrlə S. Raxmaninovun ilk konsertini ifa edib.

Məclisdə Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş müəllif və Azərbaycan Xalq mahnıları ifa olundu, şairin məşhur şeirlərindən nümunələr səsləndirildi. 

Fidan HÜQUQQIZI,

Elşən Ağalarov (foto),

“Xalq qəzeti”

















Mədəniyyət