Son vaxtlar Bakıda kitab bumu yaşanır. Belə ki, Türk dünyası adına başlanan ikinci kitab festivalının açılışına gedirik. Olduqca xoş təəssüratlardır...
Ümumiyyətlə, paytaxtımızda təşkil oluna kitab festivallarını izləyirik və hər dəfə daha şövqlə, daha yüksək təşkilatçılıq prinsiplərinə söykəndiyinin şahidi oluruq. Bir haşiyə çıxaraq qeyd edim ki, bütövlükdə kitabın təbliği, nəşriyyatların işləməsi, çap sənayesinin digər sənaye müəssisələri ilə ayaqlaşması üçün kitab festivallarının təşkili bu biznes sektoruna böyük dəstəkdir. Beləcə, hər birimiz bu sahənin inkişafında maraqlı olmalıyıq, Çünki ortada kitab faktoru var. Kitab isə çox şey deməkdir.
Bu gün də Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub.
Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.
Paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda təşkil olunan kitab festivalında minlərlə kitab nümayiş etdirilir. Şəhərə əlavə rəngarənglik qatan kitab festivalına xeyli kitabsevərlər toplaşmışdı.
Açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev və bir sıra beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək festivalın əhəmiyyətindən, cəmiyyətimizin maariflənməsində oynadığı roldan söhbət açaraq görülən işi yüksək qiymətləndirdilər.
AYB-nin mətbuat katibi Xəyal Rza redaksiyamıza açıqlamasında bildirdi ki, festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edir. Bundan əlavə, parkda tədbirlər üçün böyük səhnə qurulub. İyunun 11-dək davam edəcək tədbir hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılacaq. Eyni zamanda elmi konfranslar, şeir saatları, imza günləri təşkil ediləcək, uşaq tamaşaları nümayiş olunacaq. Festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir.
X.Rza deyib ki, hər il iyunun 5-i ölkəmizdə "Şairlər günü" kimi qeyd edilir. Bu il XI "Şairlər günü" layihəsi II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ilə birləşdirilərək ümumi formatda təşkil olunacaq.
Festivalın iştirakçılarından AMEA Mərkəzi Elmi Kitabxananın icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızı festivalın əhəmiyyətini yüksək qiymət qiymətləndirərək dedi:
Bu gün Bakıda kitab bayramıdır. II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının belə möhtəşəm şəkildə təşkil olunması, nəfis tərtibatlı kitabların satış stendlərinə çıxarılması, nümayiş etdirilməsi ecazkar mənzərə yaradıb. Bu festvalı cəmiyyətimizin maairləndirilməsi, kitaba məhəbbətin artırılması üçün önəmli hadisə hesab edirəm. Kitabın təbliğ olunması bütün zamanlarda tərəqqipərvər addım hesab edilib. Bu gün də belədir. Qloballaşan və rəqəmsallaşan dünyamızda kitabın maarifin əsas predmeti hüququnu əlində saxlaması üçün belə mərasimlərin təşkili olduca böyük əhəmiyyət daşıyır. Bir iştirakçı kimi zövq aldım. Xoşbəxtlikdən iş yerimizə də yaxın məkandadır. Bunu nəzərə alaraq festival günlərində buraya mütəmadi gəlib yeni nəşrlərlə tanış olacağıq.
Anar ƏLİ,
“Xalq qəzeti”