Bakıda II Türk Dünyası Festivalı keçirilir

post-img

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının parkında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı öz işinə başlayıb.

Əvvəlcə, Azərbaycan Dillər Universitetinin tələbələri festival iştirakçılarını dünyanın müxtəlif dillərində salamlayıblar.

Sonra, Azərbaycan yazıçılar birliyinin sədri Anar Rzayev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Milli Elmlər Akademiyası (AMEA) nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev və digər yazıçılar, mədəniyyət xadimləri çıxış ediblər. 

Çıxışlarda ümumilli lider Heydər Əliyevin Azərbaycan, həmçinin bütün türk dünyası üçün gördüyü işlərdən söz açılıb. Qeyd olunub ki, ulu öndər mədəniyyəti xalq üçün vacib sayaraq, bu yolda çox böyük nəaliyyətlərə imza atıb. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubiley tədbirinə digər türk dövlətlərindən tanınmış ictimaiyyət və mədəniyyət adamlarını dəvət etməsi bir daha göstərdi ki, türk dünyasının birliyi və bu birliyin mədəniyyət yolu ilə yaranması dahi şəxsiyyət üçün çox mühüm əhəmiyyət kəsb etmişdir.

Sonra Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin Davud Ələkbərov adına xalq çalğı alətləri ansamblının ifasında Koroğlu operasından uvertura səsləndirildi.

Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar da iştirak edir. “Qanun”, “Elm”, “Ting”, “Mücrü” və digər nəşriyyatların iştirak etdiyi festivalda kitablar endirimli qiymətlərlə gələn qonaqlara təklif olunur.  

Burada “Xəzər”, “Azərbaycan” və digər universitetlərin də kitabları sərgilənir. 

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.

İyunun 11-dək davam edəcək festivalda elmi konfranslar, şeir saatları, imza günləri  təşkil ediləcək və uşaq tamaşaları nümayiş olunacaq. İlk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir.

Qeyd edək ki, hər il iyunun 5-i ölkəmizdə "Şairlər günü" kimi qeyd edilir. Bu il XI "Şairlər günü" layihəsi II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ilə birləşdirilərək gələn qonaqlara təqdim olunur.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”























Mədəniyyət