Mayın 9-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində fransız dramaturqu Jan Koktonun "Biganə yaraşıqlı" pyesi əsasında hazırlanan "Biganə məşuq" adlı tamaşanın premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə teatrın yeni yaradılmış “ArtStudiya” teatr studiyasında hazırlanmış Jan Koktonun “Biganə məşuq” tamaşası ümumbəşəri duyğular fonunda qadın, kişi münasibətlərindən bəhs edir.
Bir hissəli səhnə əsərində müğənni Lyüsi çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq onun sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq... Bu ciddi kontrasın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir.
Tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir.
Rolları Aydan Həsənzadə, Məmmədağa Əlili Canzadə ifa edirlər.