Teatrların rəhbərliyi yenilənir

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatar-çatmaz teatrların bir qismində kadr dəyişikliyi elan edildi.

Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər, Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Opera və Balet Teatrına direktor təyin olundu.

Bəs teatrlarımıza gətirilən yeni rəhbər şəxslər tamaşaçılar və teatr heyəti üçün hansı yenilikləri edəcəklər?! 

Teatrda aktyorlarla bağlı məlumat verən Mehriban Ələkbərzadə bildirdi ki, çox az sayda aktyor tamaşalarda rol alır.

“Burada çox az sayda tamaşa hazır­lanır. Eyni zamanda, truppanın yalnız bir qismi tamaşalara cəlb olunur. Teatrın gü­cünü artırmaq üçün yeni quruluşda olan tamaşalara üstünlük vermək lazımdır. Düşünürəm ki, bunun üçün, ilk növbədə, truppa gücləndirilməlidir”. 

İndi teatrda yeniliklər barədə danış­mağın isə hələ tez olduğunu deyən re­jissor qeyd etdi ki, hazırda teatrda baş verən bütün prosesləri nəzarətə götürür və heyətin işə yanaşma prinsipləri ilə ta­nış oluram.

Azərbaycan Dövlət Opera və Balet teatrında isə, artıq bir aya yaxındır ki, yeni direktor, Xalq artisti Yusif Eyvazovun təşəbbüsü ilə məşhur italyan opera mü­ğənnisi Federiko Lonqhinin teatra dəvəti ilə ustad dərsləri keçirilir. 

Bu barədə teatrın mətbuat xidmətin­dən məlumat aldıq. Bildirildi ki, cənab Federiko teatr kollektivi ilə öz təcrübəsi­ni bölüşməklə yanaşı, solistlərlə də fərdi məşğələlər aparır. Silsilə şəklində davam edəcək layihə tetrın yaradıcılıq baxımın­dan kadr potensialının və peşəkarlığının yüksəldilməsinə yönəlib. 

Opera teatında, həmçinin “Teatrın ta­rixi simaları” adlı yeni layihənin icrasına başlanıb. Layihənin ilk sayı Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına həsr olunur. Layihə çərçivəsin­də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tarixi simaları, teatrla əməkdaşlıq etmiş bəstəkarlar, ifaçılar, rejissorlar, libretto müəllifləri haqqında məlumatlar və onların yaradıcılıq fəaliy­yəti ilə bağlı bilgilər bugünkü gənc nəslin ixtiyarına veriləcək. 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə iyunun 11-i saat 19:00-da Heydər Əliyev Mərkəzində “Viva Opera” adlı möhtəşəm qala-konsert keçiriləcək. Gecədə Azər­baycanda və dünyada tanınmış klassik vokal ifaçıları iştirak edəcəklər.

Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”



Mədəniyyət