“Görünməyən cəbhə”nin gerçəkləri

post-img

Xüsusi xidmət orqanlarının veteranı, ehtiyatda olan polkovnik Hamlet İsmayılov bir vaxtlar qorxmaz, cəsur çekist kimi tanınırdı. Onun “görünməz cəbhə” nin şanlı keçmişinə və bu gününə həsr olunmuş yazıları gənc çekistlərin əsl vətənpərvərlik ruhunda yetişməsi və xidmət göstərməsində mühüm önəm daşıyır. Rus dilində yeni çap olunmuş sayca 7-ci kitabı – “İstəyirsiniz inanın, istəyirsiniz – yox” bu missiyanın uğurlu davamı sayıla bilər.

Hamlet müəllimin yeni kitabında əsl azərbaycanlı ürəyinin çırpıntıları ifadə olunub, şanlı qəhrəmanlıq tariximizin parlaq səhifələri sevgi ilə qələmə alınıb. “Görünməz cəbhə”nin sınaqlardan çıx­mış sədaqətli əsgərinin qələmə aldıq­larının uydurma olmadığına, həyatdan götürüldüyünə oxucular zərrəcə şübhə etməyəcəyi qənaətindəyəm və ümid edirəm ki, bu kitaba sarılacaq hər kəs də fikrimə şərik çıxacaq.

Uzun illərdən bəri tanıdığım, dostluq etdiyim Hamlet İsmayılov yeni kitabında ötən illərin və müasir dövrün ictimai-si­yasi hadisələrinə geniş spektrdə işıq salmağa nail olmuş, Azərbaycan xalqı­nın zaman-zaman üzləşdiyi çətinlik və problemlərdən əsil publisist ustalığı ilə bəhs etmişdir. Xarici havadarlarının, ilk növbədə, Mixail Qorbaçovun dəstəyi və fitvası ilə ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən və nəhayət, müzəffər Ali Baş Komandan İlham Əli­yevin rəhbərliyi ilə şanlı ordumuzun işğalda olan torpaqlarımızı azad etmə­sindən, Azərbaycan dövlətinin və xalqı­mızın sarsılmaz iradəsi ilə həmin əra­zilərdə başlayan dirçəliş və çiçəklənmə marafonundan ətraflı bəhs edən müəllif olduqca maraqlı məqamlara aydınlıq gətirmişdir. Müəllif ötən onilliklərdə rast­laşdığı çeşidli hadisələri həqiqətin süz­gəcindən keçirməyi ustalıqla bacarmış, gənclərin hərbi-vətənpərvərlik tərbiyə­sinin düzgün qurulması, onlarda xalqa, dövlətə məhəbbət hissinin davamlı ola­raq aşılanması zərurətini önə çəkmişdir.

Müəllif yeni kitabında, eyni zaman­da, xüsusi xidmət orqanlarının milliləş­məsində, yenidən formalaşdırılmasında əvəzsiz xidmətləri olan fenomenal şəx­siyyət, ulu öndər Heydər Əliyevlə bağlı fikirlərini də oxucuların diqqətinə çatdı­rır. 1980-ci ildə dahi rəhbərin Naxçıvan səfərində onun təhlükəsizliyinə cavab­deh olanlar arasında o zaman DTK-nın Naxçıvan idarəsində işləyən Hamlet İs­mayılov deyirdi: “Onunla fəxr edirəm ki, taleyimə dahi bir insanın təhlükəsizliyi­nin təmin olunması kimi şərəfli vəzifəni yerinə yetirənlər arasında olmaq düşüb”.

1973-cü ildən 2003-cü ilədək xüsusi xidmət orqanlarında qüsursuz fəaliyyət göstərən polkovnik Hamlet İsmayılovu keçmiş iş yoldaşları və gənc çekistlər Vətənin sadiq əsgəri, layiqli vətəndaş kimi tanıyır və ehtiram göstərirlər. O da, öz növbəsində, vaxtilə çiyin-çiyinə ça­lışdığı insanları unutmur, onlarla daim əlaqə saxlayır. Xüsusi xidmət orqanla­rı veteranları Alyansının rəhbəri Fəxri Abbasov, veteran çekistlər Bəhruz Tey­murov, Bəxtiyar Əliyevlə, Şamil Süley­manovla, Əli Orucovla və Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı səmimi duyğu və düşüncələrinə bu kitabda geniş yer alıb.

Hamlet müəllim öz nəslinin, soyunun qəhrəmanlıq ənənələrini uğurla davam etdirib. Onun böyük qardaşları Əliağa və Ayaz İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçiblər. “Mən də müharibə iştirakçısıyam – Birinci Qarabağ mühari­bəsinin. 1991-ci il iyulun 6-da Goranboy istiqamətində döyüşlərdə ağır yaralan­mışam. Bu kitabı yazmağa 2020-ci ilin martında başlamışam. Həmin ilin noyab­rında Azərbaycan Ordusu erməni faşist­ləri üzərində şanlı Qələbəyə imza atdı. Biz buna görə öz qəhrəmanlarımıza – ilk növbədə, Ali Baş Komandanımıza min­nətdarıq. General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, Dmitri Solnt­sevin, Denis Proninin, Fəqan Məmmə­dovun, Xudayar Yusifzadənin, Yüksəl Əlizadənin və yüzlərlə digər igidlərimizin cəsarəti qarşısında baş əyirəm”.

Hamlet müəllim yeni kitabında cəsur çekistlərimizin istər döyüş bölgələrində, istərsə də adi günlərdə Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda əsil fədakarlıq nümunələri göstərdiklərini publisistik ça­larlarla oxucuya təqdim edir. Müəllifin dili rəvan, süjet xətti orjinaldır. O, rastlaşdı­ğı və iştirakçısı olduğu hadisələrə bədii don biçməyi, oxucunu inandırmağı usta­lıqla bacarmışdır.

Müəllifin yeni kitabında müxtəlif vaxt­larda qələmə aldığı şeirləri də yer alıb.

Hamlet İsmayılovun bu kitabı gənc çekistlərin və oxucuların Zəfər tarixi­mizə dair daha çox bilgilər əldə etmələri üçün etibarlı mənbə kimi də tanına bilər.

 

Akif CABBARLI,
yazıçı-publisist

Mədəniyyət