Zərifə Əliyevaya həsr edilmiş tamaşa nümayiş olunub

post-img

Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə mayın 31-də Gənc Tamaşaçılar Teatrında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş "Göz həkimi" tamaşası nümayiş olunub.

Tamaşadan əvvəl Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto-sərgiyə baxış keçirilib.

Sonra, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev çıxış edərək akademik Zərifə Əliyevanın əzmkar və fədakar fəaliyyətindən, oftolmologiya sahəsində uğurlu fəaliyyət metodlarından danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın elmdə yeni istiqamətlərdə apardığı tədqiqatlardan söz açıb, peşə oftalmologiyasının əsasını qoyduğunu və bu sahədə qiymətli araşdırmalar apardığını diqqətə  çatdırıb.

Çıxışlardan sonra, Akademik, oftalmoloq  Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə yeni quruluşda hazırlanan tamaşa nümayiş olunub.

Səhnə əsərinin rejissoru Gülnar Hacıyevadır. Rolları aktyorlar -  Əməkdar artistlər Şəfəq Əliyeva,  Elnur Bəhramxan, İlham Əsədov, aktyorlar Kərəm Hadızadə, Ədalət Əbdülsəməd, Mehriban Hüseynova, Səbinə Məmmədzadə, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev, Ramil Məmmədov, Zümrüd Quliyeva ifa edirlər.

Fidan HÜQUQQIZI,

"Xalq qəzeti"















Mədəniyyət