Ölkəmizin Tacikistandakı səfirliyi Düşənbədəki Milli Muzeydə Azərbaycanın Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı” adlı fotosərgi təşkil edib.
Tədbirdə Tacikistan Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin nümayəndələri, Tacikistanda akkreditə olunmuş xarici diplomatik korpusun rəhbərləri və üzvləri, jurnalistlər və yerli diaspor fəalları iştirak ediblər.
Sərgidə Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrləri, sovet dövründə və müstəqillik zamanı Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işlər, keçirdiyi görüşlər, ölkəmizin regionlarına və xaricə səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunub.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Heydər Əliyevin dövlət və xalq qarşısındakı misilsiz xidmətləri, Azərbaycanın taleyüklü məqamlarında göstərdiyi siyasi müdriklik, müasir müstəqil Azərbaycanın quruculuğu yolunda həyata keçirdiyi böyük işlər barədə məlumat verib.
Səfir ümummilli liderin peşəkar fəaliyyəti nəticəsində iqtisadiyyatda, sənayedə, kənd təsərrüfatında, təhsildə, mədəniyyətdə və digər mühüm sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb, məhz o dövrdə ölkəmizin müstəqilliyinin möhkəm təməlinin qoyulduğunu, milli ruh və azərbaycançılıq məfkurəsinin yüksəldiyini qeyd edib.
Azərbaycan ilə Tacikistan arasında münasibətlərdən söz açan səfir diplomatik əlaqələrin əsasının məhz 29 may tarixində qoyulduğunu vurğulayıb, son 31 ildə Azərbaycan ilə Tacikistan arasında münasibətlərin inkişaf dinamikasından bəhs edib, əlaqələrin davamlı şəkildə yüksələn xətt üzrə irəlilədiyini bildirib. 31 il bundan əvvəl əsası qoyulan münasibətlərin bu gün öz bəhrəsini verdiyini deyən Ə.Əskərov əlamətdar gün münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.
Tədbirin sonunda səfirliyimiz tərəfindən Tacikistan Milli Muzeyinə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsindən bəhs edən “Zəfər Salnaməsi” kitabı hədiyyə olunub.
Qulu Kəngərli
Düşənbə