“ATMA-YARAT-SAT”

post-img

İçərişəhərdə “Təmiz şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” ASC, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə ATMA-YARAT-SAT sosial layihəsi keçirildi. 

Təmiz şəhər ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov bildirdi ki, layihənin əsas məqsədi ətraf mühitin tullantılardan təmizlənməsi və əlilliyi olan şəxslərin sosial xidmətinin yaxşılaşdırılmasıdır:

“Əlilliyi olan şəxslər lazımsız tullantılardan müxtəlif çeşiddə əl işləri düzəldib, satırlar. Biz də bu layihə vasitəsilə onlara dəstək oluruq. İçərişəhərdə təşkil olunan tədbirdə hazırda otuzdan çox əlliliyi olan şəxs iştirak edir. Burada, həmçinin 2-ci Qarabağ savaşında iştirak edərək sağlamlığını itirən qazilərimizi də görə bilərsiniz. Ümumiyyətlə, yaradıcı insanların cəmiyyətə inteqrasiya etməsi üçün bu cür layihələrin təşkili vacibdir”. 

Layihə iştirakçılarından 2-ci Qarabağ Savaşında döyüşmüş qazimiz Qasımov Hətəmlə söhbətləşdik. O müharibədən sonra psixoloji vəziyyətində problem yarandığına görə və müalicəsini davam etdirməsi üçün layihəyə qoşulduğunu dedi. 

Qeyd edək ki, bir sıra dövlət qurumlarının dəstək verdiyi ATMA-YARAT-SAT sərgi, satış yarmarkası ənənəvi olaraq hər il keçirilir. Bu ildən əlilliyi olan insanların əl işlərini artsale.az platforması üzərindən nümayiş etdirmək və satmaq imkanı da yaradılıb.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

 

Mədəniyyət