Paytaxtımız ağ-qara və rəngli fotolarda

post-img

İnsanlara hər hansı informasiyanı daha dolğun çatdıran, onlarda emosional təsir yaradan və estetik aləmin daha da zənginləşməsinə xidmət edən sənətlərdən biri fotoqrafiyadır. 

“İçərişəhər” Dövlət Ta­rix-Memarlıq Qoruğu İdarə­sinin nəzdində fəaliyyət göstərən, bu sənəti yaşadan­ların əl işlərinin sərgiləndiyi yerlərdən biri də tarixi memar­lıq üslubunda tikilmiş Bakı Fo­toqrafiya Evidir. “Zəncirli bina” kimi tanınan və 1890-cı ildə tacir Məmmədhəsən Həsə­nov tərəfindən inşa olunan bina 1928-ci ildən İçərişəhər­də məşhur tacir kimi tanınan Məlikovlar qardaşlarına məx­sus olub. 

2018-ci ilin fevral ayın­dan Bakı Fotoqrafiya Evi adlandırılan binanın birinci mərtəbəsində giriş zalı, ikinci mərtəbəsində isə sərgi zalları mövcuddur. Burada Bakının zəngin və unikal tarixi memar­lığını əks etdirən fotolardan başqa, Azərbaycanın, eləcə də dünyanın bir çox yerlərinə məxsus fotolardan ibarət rən­garəng sərgilər təşkil olunur. 

“İçərişəhər” Muzey Mərkə­zinin mütəxəssisi, foto-kollek­sioner Bəhruz Hüseynzadə on beş ildir ki, Azərbaycan tarixi ilə bağlı dərin araşdırma apararaq, burada XIX əsrin ikinci yarısına və XX əsrin əvvəllərinə aid yüzlərlə oriji­nal fotoşəkillə yanaşı, çap və rəqəmsal formada olan iyirmi minə yaxın şəkil kolleksiya­sı toplayıb. Onun saxladığı ağ-qara və rəngli fotoşəkil­lərdə İçərişəhərin Qala divar­larının görünüşü, həmçinin evlərin, məscidlərin cizgiləri özünəməxsus gözəlliyi ilə biz seyrçiləri tarixin qədim dövr­lərinə aparır. B. Hüseynzadə deyir ki, burada dünyada və Azərbaycanda tanınmış fo­toqrafçıların təxminən otuz minə yaxın əl işləri saxlanılır. Həmçinin fotoqrafiya sənə­tində öz dəst-xətti ilə seçilən Hüseyn Hüseynzadə, Yaşar Xəlilov, Yuri Rahil, Rafiq Na­ğıyev, Azərbaycan kinosunun banilərindən olan Aleksandr Mişon və digərlərinin çəkdiyi fotolar da sərgilənir. 

İçərişəhərin tarixi-memar­lıq abidələrini fərqli formada əks etdirən foto-arxiv yarat­dığını deyən Bəhruz Hüseyn­zadə muzeydə yeni sərgilərin təşkil olunacağını dedi: 

“Burada Bakıya və İçə­rişəhərə, eləcə də Azərbay­canın digər yerlərinə məxsus fotolardan ibarət sərgilər də təşkil olunacaq. Həmçinin sərgi ilə bağlı albomlar və ki­tablar da nəşr olunacaq”. 

 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Mədəniyyət