“Zorən şorgöz” tamaşası yenidən səhnədə

post-img

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Zorən şorgöz” adlı ikihissəli tamaşa yenidən teatrsevərlərin ixtiyarına verilib.

Səhnə əsərində hadisələr mehmanxanalarının birində cərəyan edir. Növbəti eşqbazlıq macərasını icra etmək istəyən iqtidar partiyasının deputatı, üstəlik baş nazirin sadiq köməkçisi Riçard Uilli və müxalifət liderinin gənc katibəsi Ceyn Uorzinqton gizlincə burada görüşürlər. Debata hazırlaşan deputat və məşuqəsi gizli eşqbazlığın qurbanı olurlar. Belə ki, qaldıqları otağın  pəncərəsindən asılı vəziyyətdə qalmış kişi “meyit”i onların kefinə əməlli-başlı soğan doğrayır. Bir anda bütün ölkədə rüsvay olacağını xəyal edən deputat tez tədbir görməyə başlayır. O, “meyit”i şkafda gizlətmək qərarına gəlir. Bunun üçün bu cür məsələlərdən anlamayan,  eşqdən başqa hər işdə uğurlu olan köməkçisi Corc Piqdeni qurban kimi seçir. Ömrü boyu anasının əsarətində olan və evlərindən başqa heç yerdə gecələməyən yaşlanmış subay Corc birdən-birə bir neçə qadının ehtirasının qurbanına çevrilir.  Nəticədə  “zorən şorgöz” olur və özü də istəmədən bu bataqlığa qərq olur.

İngilis dramaturqu Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan iki hissəli komediyanın  quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada rolları Əməkdar artistlər - Nicat Kazımov, Aslan Şirin, Mehriban Xanlarova, Kazım Abdullayev, Şəlalə Şahvələdqızı, aktyorlar - Rəşad Bəxtiyarov,  Mətləb Abdullayev, Rövşən Kərimduxt, Şəhla Əliqızı və digərləri ifa edir.

Fidan Hüquqqızı,

“Xalq qəzeti”

 







Mədəniyyət