YARAT-da “Balıqçının qızı” filminin premyerası olacaq

post-img

Aprelin 24-də YARAT Müasir İncəsənət Mərkəzində rejissor və ssenarist İsmayıl Səfərəlinin "Balıqçının qızı" tammetrajlı debüt filminin premyerası olacaq.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq YARAT-dan bildirilib.

“Filmin prodüseri Mariya İbrahimovadır. Film Abşeron yarımadasındakı kiçik balıqçı kəndinin həyatından bəhs edir. Balıq ovu zamanı itkin düşmüş balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir. Lakin Saranın ailəsi və kənd sakinləri, formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdır. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur. Filmin nümayişdən sonra yaradıcı heyətlə müzakirə keçiriləcək. Ekran əsəri 1 saat 28 dəqiqədir. Film Azərbaycan dilində, ingilis dilində alt yazılarla nümayiş olunacaq”, - deyə film haqqında məlumat verilib.

Qeyd edək ki, ekran əsərinə baxmaq istəyənlər https://forms.gle/NXwNzkhuidnzVYZj7  linkindən qeydiyyatdan keçməlidirlər.

Mədəniyyət