Tarixin dilsiz şahidləri

post-img

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. 
Hər bir xalqın varlığını sübut edən tarixi məkanlar sırasında abidələrin özünəməxsus rolu vardır.  Abidələr bir millətin tarixi yaddaşını ehtiva etməklə yanaşı, həm də əsrlər, min illərdən keçib gələn nümunəvi tikilələrdir.  Zaman keçsə də, müharibələr və təbii fəlakələtlər abidələrə təsirini buraxsa da, onların tarixin salnaməsini daşıma missiyasının qarşısını ala bilməmişdir. Abidələrin mühafizəsi bütün dövrlərdə olduğu kimi, bu gün də mühafizəsi actual olan məsələdir. Çünki  gələcək nəsillərə tarixin miras buraxılmasında abidələrin rolu inkaredilməzdir. Bizim xalqın da özünəməxsus abidələr sistemi mövcuddur. Bu xalqımızın milli-mədəni irsidir və  bəşər mədəniyyətinin ayrılmaz bir parçasıdır.

Tarixi tədqiqatlar sübut edib ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazisində yerləşir. Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığınacaqlar, memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənlərindəndir. 

Aprelin 18-i  əlamətdar gün kimi Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

Ölkəmizin ərazisində antik tariximizdən miras qalan, Manna, daha sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir.

Ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Onların arasında orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan qalası, Buğurt qalası, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah məbədi” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır. Sevindirici haldır ki, Azərbaycanda tarixi məkanların hifz edilməsi ilə bağlı dövlət siyasəti mövcuddur. Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

Beləliklə, tarixi məkanlar, insan oğlunun əsrəyə gətirdiyi abidələr tarixin dilsiz şahidləri olsa da, böyük maddi, mənəvi irs keşikçiləridir.  Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. 

Anar Əli,
“Xalq qəzeti”







Mədəniyyət