YUĞ Dövlət Teatrının yaradıcı heyəti yazıçı İlqar Fəhminin əsəri əsasında hazırlanmış “Mənəm mən...” tamaşası ilə yenidən teatrsevərlərin qarşısına çıxıb.
Səhnə əsərində əsas rolu canlandıran Seyid Əli ustadına və onun simasında Allaha, İslam dininə bağlı bir şəxs kimi təsvir edilir. Lakin, onun Tanrıya, dinə olan bu bağlılığının kor-koranə olması hər kəsə məlumdur. Əsas məqsədi hürufiləri dinsiz kafir hesab edərək onlara divan tutmaq və bütün Şərqdə onların kökünü kəsməkdir. Səhnənin əvvəlində ustadı ona hürufilərdən kimin Nəsimi olduğunu axtarmağı tapşırır. Seyid Əli əmrə müntəzir olaraq həqiqi Nəsiminin axtarışına çıxır. Axtardığı adamlar "Nəsimi mənəm" deməklə, hürufizmin insanı ucaltdığı ali mərtəbədən danışırlar. Bütün hürufi aşiqlərini danışdırdıqdan sonra, hər birini fərqli yolla edam cəzasına məhkum edən Seyid Əli hər hürufi ilə görüşündə ona naməlum olan bəzi dini və elmi həqiqətləri anlayıb dərk etməyə başlayır.
Bir-birinin ardınca səhnəyə çıxan alim, aşiq, xəttat, şair və övliya obrazları - hər biri göstərdiyi səhnələrdə hürufizmi təbliğ edən fəlsəfi fikirlər səsləndirərək, Seyid Əlini düzgün yola çəkməyə çalışırlar.
Bütün bu obrazlar hürufizmi yaradan halqanın hissələri kimi zəncirvari formada bir-birinə elə sıx bağlanır ki, bir müddət keçəndən sonra hamısı birləşərək bütöv bir şəxsiyyətə - Nəsimi obrazına çevrilir.
Sonda Seyid Əli anlayır ki, özünün də daxilində bir nəsimi var. Ustadı Şeyx Əzəm onu hürufiləri edam etməkdə günahlandırır və layiq olduğu ən böyük cəzaya - ölüm cəzasına layiq görür.
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadədir.
Rolları Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Ziya Ağa, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Elgün Həmidov, Amid Qasımov və Elşən Əsgərov ifa edirlər.
Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”