Milli kinomuz xalqımızın mənəvi simasıdır

post-img

“Xalq qəzeti” redaksiyasında keçirilən növbəti dəyirmi masa görüşü Azərbaycan kinematoqrafiyasının 125 illik və ölkənin  aparıcı kino müəssisəsi “Azərbaycanfilm” studiyasının 100 illik yubuleylərinə həsr edildi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı rəhbərliyinin iştirakı ilə aparılan müzakirədə milli kinomuzun 2 əlamətdar yubileyinə hazırlıq, ötən dövrdə ekran yaradıcılığı sahəsində əldə edilmiş uğurlar, müstəqillik dövründə kino sənətinin üzləşdiyi çətinliklər və qarşıda duran hədəflər diqqət mərkəzində oldu. 

Qonaqları salamlayan “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov ölkənin tanınmış kino xadimlərini əlamətdar yubiley münasibətilə təbrik etdi, kino yaradıcılığının, xüsusən, Azərbaycan kinematoqrafiyasının uğurlarının qəzetin səhifələrində daimi mövzulardan olduğunu bildirdi. Redaksiya rəhbəri bildirdi ki, kino mövzusu, sahənin problemləri, qarşısında duran vəzifələr bundan sonra da kollektivin  həssaslıqla yanaşacağı mövzulardan olacaq. Bugünkü dəyirmi masa müzakirəsinin hədəfi isə milli kinematoqrafiyanın yubileyləri çərçivəsində ölkənin kino həyatının aktual mövzularının gündəmə gətirilməsi, uğur və problemlərin mediada işıqlandırılması ilə bağlı peşəkarlıq məsələləridir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İtifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədovanın bu günlərdə keçiriləcək Kino Forumuna son hazırlıqla bağlı müzakirədə iştirak edə bilmədiyini söyləyən qurumun icraçı katibi, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Qulyev milli kinomuzun ötən müddətdə keçdiyi məhsuldar və peşəkar yoldan, dünya kinematoqrafiyasına töhfəsindən söz açdı. O, ulu öndər Heydər Əliyevin milli kinomuzun inkişafına göstərdiyi müstəsna diqqət və qayğı sayəsində ölkəmizdə kino incəsənətinin öyünclü nailiyyətlər əldə etdiyini vurğuladı.

Tanınmış kinorejissorlar, ittifaqın katibləri – Xalq artistləri Oqtay Mirqasımov, Vaqif Mustafayev və Əməkdar incəsənət xadimi Ayaz Salayev milli kinomuzun 125 illik inkişaf tarixinin diqqətçəkən fakt və hadisələrindən, son  1 əsrdə “Azərbaycanfilm” studiyasının kinematoqrafiyamıza gətirdiyi şöhrət və yeniliklərdən danışdılar. 

Davam edən işgüzar disskussiyada fundamental kino yaradıcılığınının dəstəklənməsində dövlət himayəsinin zəruriliyi vurğulandı, həvəskar studiyaların milli mentalitetimizə uyğun gəlməyən aşağı səviyyəli, gerçəkliyi əks etdirməyən şou və biznes səciyyəli fəaliyyətinin xaricdə ölkəmizin imicinə mənfi təsir göstərməsindən narahatlıqla söz açıldı. Kino xadimləri bu sahədə baş verən proseslərinin xalqa çatdırılmasında, milli kinematoqrafiyamızın fəaliyyəti barədə sağlam və faydalı ictimai rəyin formalaşdırılmasında medianın təsirli rolu da məmnunluqla qeyd olundu.

(Dəyirmi masa müzakirəsi barədə geniş material hazırlanır.)

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”














Mədəniyyət