Baladadaşın toy hamamı yenidən səhnədə

post-img

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində  Xalq yazıçısı Elçinin “Baladadaşın ilk məhəbbəti” və “Baladadaşın toy hamamı” əsərləri əsasında hazırlanmış “Baladadaşın toy hamamı” adlı musiqili-lirik komediyası təqdim olunub.

Teatr və kinonun sintezindən hazırlanmış tamaşada Bakı  kəndlərinin milli adət-ənənələri özünəməxsus şəkildə əks olunur.
Baladadaş Xəzər dənizi sahilində -  Abşeron kəndində yaşayan gənc oğlandır. O, yay tətilində paytaxtdan məzuniyyətə gələn Sevda adlı gözəl bir xanıma aşiq olur. Və sevgisini heç cür ondan gizlədə bilmir.   Bikya adlı qonşu qızı isə hər gün Baladadaşın həsrətindən əriyir, sevgisini büruzə verə bilmir. Lakin nə fayda... 

Yay tətili bitər-bitməz Sevda ailəsi ilə şəhərə qayıtmağa məcbur olur. Beləcə, gənclik sevgisini yaşayan Baladadaşın qəlbində baş qaldırdığı hisslər keçib, gedir. Nəhayət, tale Bikyanın üzünə gülür. Baladadaş ona evlilik təklif edir. İki il orduda xidmət etdikdən sonra kəndə geri dönür və toya hazırlaşır.

Kənddə çayxana işlədən Qəzənfər kişi və qulluqçu Ələkbər  inciklikləri üzündən toy hamamını pozmaq qərarına gəlirlər.Toy ərəfəsində hamamın qapılarını bağlayaraq  bu yolla Baladadaşdan qisas almağa çalışırlar. Baladadaş isə öz müdrikliyini nümayiş etdirərək hamının gözü qarşısında Xəzərin qumlu sahilində dəstəmaz alır və orada çimir. 

Sonda, tamaşa teatrsevərlər tərəfindən gur alqışlarla qarşılanıb.

Səhnə əsərinin quruluşçu rejissoru  Xalq Artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, quruluşçu rəssamı Əməkdar Artist Nofəl Vəliyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq Artisti Tahir Tairovdur. Rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Nadir Xasıyev, aktyorlar Emrah Dadaşov, Ayan Qurbanova, Fərid Rzayev və digərləri ifa edirlər.
 
Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”

Mədəniyyət