“Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv tədbirlərə start verilib

post-img

Martın 3-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış tədbirlərinin açılışı olub.

Film Fondundan AZƏRTAC-a bildirilib ki, ilk tədbir qocaman rejissor, görkəmli sənədli kino ustası Niyazi Bədəlovun yaradıcılığına həsr edilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Niyazi Bədəlovun Azərbaycan kinosundakı əvəzsiz xidmətlərindən danışıb.

Sonra Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə görkəmli rejissor haqqında xatirələrini bölüşüb.

Çıxışlardan sonra rejissor Niyazi Bədəlovun “150 il. Mirzə Fətəli Axundov”, “Dağlarda ada” və “Estafet” filmləri nümayiş olunub.

Nümayişdən sonra Niyazi Bədəlovun ailə üzvləri adından qızı Sədaqət Bədəlova çıxış edərək Azərbaycan Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkür edib.



Mədəniyyət