Azərbaycanlı mühacir Mirzə Bala Məmmədzadə Türkiyəli tədqiqatçının təqdimatında

post-img

Sibel xanım Dəmirci Türk siyasi və düşüncə həyatında Türkiyədən kənarda yaşayan türk əsilli aydınların içtimai, siyasi fəaliyyətinin araşdırılmasında və cəmiyyətə təqdim olunmasında davamlı fəaliyyət göstərən araşdırmaçıdır. Uzun illərdir Türkiyə Ali Təhsil Şurasında (YÖK) məsul vəzifədə calışır. Bu günlərdə Türkiyədə çap olunan kitabları ilə - Azərbaycanlı mühacir Mirzə Bala Məmmədzadən həyat və fəaliyyəti ilə maraqlı tədqiqatları ilə gündəmə gəlmişdir. Azərbaycanın böyük türk dünyasının önəmli bir parçası olduğunu vurğulayan Sibel xanım deyir:

- Hələ tələbəlik illərində Türkiyə xaricində yaşayan  türklər, onların türkçülük ideyaları, bu yoldakı mübarizə və məşəqqətləri mənim üçün ciddi maraq doğurub. Türkçülük tarixini Türkiyədən və Osmanlı torpaqlarından kənarda ən sistemli şəkildə təsvir edən böyük türk ziyalısı Yusuf Akçuradır. Yusuf Akçura Türk Dünyasının maarifçilik tarixini araşdıran və yazan, hətta formalaşdıran tanınmış mütəfəkkirlərindəndir. O, həm siyasi, həm də ideoloji mübarizəsində türkçülük tarixinə mühüm töhfələr vermişdir. Təvazökarlıqdan uzaq olmasın, mən bu barədə 2022-ci ilin əvvələrində nəşr edilən “Yusuf Akçura və Türk-Tatar heyeti (1914-1917)” adlı kitabımda ətraflı məlumat verməyə çalışmışam. 

 Yusuf Akçuraya görə, millilik ideyası Avropadan gəlsə də, İdil hövzəsində yaşayan Qərb türkləri, Krım türkləri və Quzey türkləri ilə birlikdə Qafqazdakı  Azərbaycan türkləri arasında meydana çıxıb. Akçura bu sırada  Azərbaycan türku Mirzə Fətəli Axunzadəyə (1811-1878) xüsusi diqqət çəkir. Axunzadə 1850-1855-ci illər arasında yerli türk ləhcəsi ilə, Avropa üslubunda  bir neçə komediya yazıb və 1863-cü ildə İslam əlifbasında islahatlar aparmaq üçün İstanbula gəlib. İslam əlifbasının islahı haqqında əsərini Sadrazam Fuad Paşaya  təqdim etmişdi.

Burada Azərbaycan maarifçiliyinin daha möhtəşəm bir simasının adını cəkməmək mümkün deyil: Məlikzadə Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinci” qəzetini nəşrinə nail oldu. Böyük turançı mütəfəkkir Əli bəy Hüseynzadə Azərbaycan milli mətbuatının banisi Zərdabinin əsas amalının nədən ibarət olduğunu belə ifadə etmişdi: "Aləmi - islam bir qaranlıq içərisində qaldığı zaman Həsən bəy Zərdabi əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışırdı. Bu məşəl  milli oyanışa, tərəqqiyə, istiqlala yol açan maarif işığı idi".

Türkçülüyün növbəti yeni bir mərhələsi 1897-ci il Türk-Yunan müharibəsindən sonra formalaşan dövrdür. Bu dövrdə Şəmsəddin Sami, Nəcip Asım bəy, Bursalı Tahir bəy, Tunalı Hilmi bəy, Yusif Akçura ilə yanaşı  Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlunun fəaliyyətlərini görürük. Bunlar da sübüt edir ki,  1900-cü illərdə türkçülük artıq dillə bağlı bir anlam deyildi, ideologiya kimi formalaşdığı illərdir. Yeri gəlmişkən deyilməlidir ki, Əli bəy Hüseyinzadə Turan ideyasınını ilk düşünənlərdən, türklərarası birlik yaratmaqdan ilk danışanlardandır.  

-Səhv etmirəmsə, “Türk siyasi və düşüncə həyatında Rusya türklərinin rolu” adlı monoqrafiyanızda da bu barədə məlumatlar var və sizinlə bu barədə iki il əvvəl də danışmışdıq.  

- Elədir, 2020-ci ildə bu əsər monoqrafiya kimi “Post Yayın Evi” tərəfindən nəşr edildi və gözlədiyimdən çox maraq doğurdu. Demək istədiyim budur ki, Azərbaycan böyük türk dünyasının önəmli bir parçası olduğunu həmişə sübüt etmişdir. Başqa bir misala da diqqət etməklə bunun təsdiqini görərik: “Türk Yurdu” dərnəyi tərəfındən nəşr edilən “Xalqa doğru” (Halka Doğru) dərgisinin yazarları sırasında Yusuf Akçura, Hamdullah Subhi, Kazım Nami, Fuad Köprülüzadə, Ziya Göyalp və Məmduh Şövkət kimi məşhur ziyalılar sırasında  Əhməd Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Məmməd Əminin imzaları  yer almaktadır. Bu kimi faktların sayını artırmaq da olar, amma görünən budur ki, Azərbaycan böyük türk dünyasının önəmli bir parçası olduğunu həmişə sübüt etmişdir. Bu gün də bu ənənə davam etməkdədir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Bu günün reallıqlarına baxanda da ilk görünən budur ki, Azərbaycanla Türkiyə arasında əlaqələr  uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur.  Eyni kök, oxşar mədəniyyət, dil, din,  ortaq adətlər və milli dəyərlər  Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm  amillərdir. 

- Düzü fikirlərinizdən məmunluğumu bildirirəm və məlumatıma görə sonuncu iki kitabınız da Azərbaycanla bağlıdır, bir az ətraflı danışmağınızı xahiş edirəm...

- Azərbaycanla bağlı son araşdırmalarım mühacir həyatı yaşayan Mirzə Bala Məmmədzadəyə aiddir. Onun üç  ildən artıq araşdırmaların nəticəsi olaraq toplanan məqalələri iki ayrı kitab kimi oxuculara təqdim olunub. Bu dəyərli və fədakar insan mənim üçün sıradan bir şəxsiyyət olmamışdır. Azərbaycanın yetişdirdiyi türk dünyasının önəmli ziyalılarındandır.  Məmməd Əmin Rəsulzadə ilə möhkəm bağlılığı, türk dünyasının azad gələcəyinə güclü inamı, ziyalılığı  onun xarakterik xüsusiyyətlərindəndir. Həyat və fəaliyyətinə nəzər saldıqca yoxdan var olan, zəngin, amma məşəqqətli bir həyat yolu seçən dəyanətli bir insanın taleyi ilə üz-üzə durursan. Bütün şüurlu həyatını milli mücadiləyə həsr edən fədəkar bir ziyalını görürsən.

1931-ci ildə Sovet İttifaqının tələbi ilə Türkiyə hökuməti  Müsavatın xarici bürosunun Türkiyədə fəaliyyətini qadağan etdikdən sonra, Məhəmməd Əmin Rəsulzadə və onun digər silahdaşları ilə birlikdə M.B.Məmmədzadə də İstanbulu tərk edərək Varşavaya köçdü. İkinci dünya müharibəsinin başlanması və Polşanın Almaniya tərəfindən işğalı ilə əlaqədar yenidən İstanbula köçən M.B.Məmmədzadənin “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində, “Türk ensiklopediyası”nda, “İslam ensiklopediyası”nda və digər nəşrlərdə Azərbaycan tarixinə dair çoxlu məqaləsi dərc edilmişdir. “Mirzə Bala Məmmədzadə və  soyuq müharibə  yazıları (“Cümhuriyyət” və “Milliyyət” qəzetlərindəki yazilar)” adlı kitabda Türkiyənin “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində dərc olunmuş məqalələri geniş təqdimatla yer alır.

-İkinci kitab danışdığınız tədqiqatların davamıdır, yoxsa...

- İkinci kitab da Mirzə Bala Məmmədzadəyə aidir. Onun mühacir həyatının önəmli bir hissəsi də Almaniya ilə bağlıdır və Almaniyadakı fəaliyyəti məni daha cox cəlb etdi. O, 1954-cü ildən Münhendəki SSRİ-ni öyrənən institutda çalışmış, burada iki il elmi şuranın sədri, iki il isə sədr müavini vəzifəsini icra etmişdi. İnstitutun Azərbaycan türkcəsində buraxdığı "Dərgi" adlanan siyasi jurnalın baş redaktoru olmuşdur.  Bir çox qəzet və jurnallarında da onun SSRİ-dəki totalitar rejimi kəskin tənqid edən məqalələri dərc olunmuş, Azərbaycanda yeridilən ruslaşdırma siyasətinin (dil, mədəniyyət, ədəbiyyat və s. sahələrdə) mahiyyəti açıqlanmışdır. Bu dövrdə sözügedən məqalələr xüsusilə sovet işğalı altında yaşayan türk xalqlarının ictimai-siyasi həyatını vı mübarizəsini öyrənmək baxımından maraqlıdır. Məqalələrin akademik dərinliyi və üslubu diqqəti çəkir. Təqdim edilən ikinci kitab “Mirzə Bala Məmmədzadənin elmi yazıları (“Dərgi”, “Der Kaukasus” və “İslam Ensiklopediyası”ndakı məqalələr)” adlanır. Kitabda Mirzə Balanın Münhendə nəşr olunan “Der Kaukasus”, Sovet İttifaqı Araşdırma İnstitutunun nəşri olan “Dərgi” jurnalında və Türkiyədə nəşr olunan “İslam Ensiklopediyasında” dərc olunmuş məqalələri yer alır.

- Azərbaycanlı mühacirə, eləcə də türk dünyasının dəyərli bir ziyalısına  göstərdiyiniz diqqətə görə çox sağ olun. Oxucularımıza deyəcəyiniz başqa nəsə varmı?

- Çox sağ olun, fikirlərimin azərbaycanlı oxuculara çatdırılmasında dəstəyinizə görə minnətdarlığımı bildirirəm. Bir faktı da qeyd edim ki, 6 mart 1955-ci ildə Azərbaycan istiqlalının qurucusu və ideoloqu Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Azərbaycan milli azadlıq hərəkatına və Müsavat partiyasına Mirzə Bala rəhbərlik etmişdir. Vətən həsrətli Mirzə Bala 1959-cu ilin mart ayının 8-də İstanbulda vəfat etmiş, Qaraca Əhməd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycanın arzuladığı istiqlalını görə bilməsə də, bu yolda apardığı fədakar mübarizə dayanmadı və bəhrəsini verdi. Ruhu şad olsun...

- Sağ olun, həm qəzetimiz, həm də çoxsaylı oxucularımız adından yeni yaradıcılıq uğurları arzu edirik. 

 

Namiq Qədimoğlu,

“Xalq qəzeti”



Mədəniyyət