Çin Elmlər Akademiyasının alimləri Yeni Qvineyanın şimal-şərq sahillərində böyük sualtı hidrogen yatağının aşkarlandığını bildiriblər. Akademiyanın mətbuat xidmətinin məlumatına görə, qaz ehtiyatları okean litosfer mantiyasının dərin qatlarında formalaşıb və bu, gələcəkdə onun sənaye miqyasında hasilatı üçün yeni imkanlar yarada bilər.
Çin Okeanologiya İnstitutunun professoru Syao Yuanın açıqlamasında qeyd edib: “Araşdırmalarımız göstərir ki, Yer okeanlarının altında yerləşən litosfer mantiyasında nəhəng hidrogen ehtiyatları toplanır. Gələcəkdə bu təbii resursların istismarı iqtisadi baxımdan səmərəli ola bilər”.
Bu kəşf Musssau xəndəyindən təqribən 80 km qərbdə yerləşən “Kunlun” hidrotermal kompleksi ərazisində edilib. Struktura diametri 0,5–2 km arasında dəyişən 20 boru formalı oyuq daxildir. Onlardan dördü batiskaf vasitəsilə öyrənilib. Aparılan tədqiqatlar yüksək hidrogen konsentrasiyasını və unikal geokimyəvi şəraiti qeydə alıb.
Mütəxəssislər hesab edirlər ki, bu kəşf alternativ enerji mənbələrinin araşdırılması və gələcək enerji təhlükəsizliyinin təminində mühüm rol oynaya bilər.
S.ELAY
XQ