Boliviyadakı riflərin və sahil qumlarının dənizdən ayırdığı Kolorada laqunası (sonradan ayrılmış su hövzəsi) bu ölkənin ən gözəl və görməli məkanlarından biridir. Məmləkətin cənub-qərbindəki bu gölün ərazisi kiçik olduğuna görə turistlər onun “başına dolana” bilirlər. Suyu olduqca duzlu və özünəməxsus rəngdə – narıncıdır. Fəsillər dəyişəndə sumağı rəngdə də görünür. Alimlərin fikrincə, suyun bu rəngdə olmasının səbəbi bəzi mineral çöküntülərin və rəngli mikroorqanizmlərin çox olmasıdır.
Gölün səthində ağ ərazilər də var. Bu isə natrium maddəsinin müxtəlif duzlarla reaksiyasından alınan müvəqqəti çalarlardır. Sahil boyu sumağı rəngli qayalıqlar görünür. Xeyli aralıda isə gözəl dağ silsiləsi uzanıb gedir.
Kolorada laqunası həm də qırmızı flaminqoların çox olduğu məkandır. Onlar gölün bütün sahilləri boyu məskunlaşıblar. Bəzi turistlər buraya qeyri-adi rəngli gölə tamaşa eləmək üçün gəlirsə, digərləri də gölün rənginə uyğun “geyinmiş” flaminqoların rəqsini görmək istəyirlər.
İ.QAÇAYEV