Çinin Xpeng Motors şirkəti 2025-ci ilin dördüncü rübündə Aeroht uçan avtomobilinin kütləvi istehsalına başlamağı planlaşdırır. Bu barədə chinadaily.com.cn məlumat yayıb.
Qeyd olunur ki, uçan avtomobillər yalnız uçuşa yararlılıq icazələri, eləcə də milli tənzimləyici orqanlar və məhsul təhlükəsizliyi agentliklərindən sertifikat və təsdiq alındıqdan sonra satılacaq.
Aeroht səkkiz pər və dörd elektrik mühərrikindən istifadə etməklə onlarla metr havaya qalxa bilir. Elektriklə işləyən avtomobilin vaxtının çox hissəsini yerdə keçirəcəyi, yalnız yol maneələrini və ya tıxacları aradan qaldırmaq üçün səmaya qalxacağı gözlənilir. Startapın yaradıcısı Zhao Deli hesab edir ki, onun şirkətinin yolundakı ən mühüm problem texnoloji problemlər deyil, tənzimləyicilərin məhdudiyyətləridir, çünki belə avtomobilin sahibinə təkcə sürücülük vəsiqəsi deyil, həm də pilot vəsiqəsi lazım ola bilər.
Bundan əvvəl Yaponiyanın Suzuki və Skydrive şirkətlərinin uçan avtomobil istehsalına başladığı məlum olub. SKYDRIVE (SD-05) modeli pilot da daxil olmaqla üç nəfərə qədər daşımaq üçün nəzərdə tutulub. O, 12 elektrik mühərriki ilə təchiz olunub və şaquli qalxma və enmə qabiliyyətinə malikdir. Uçan avtomobilin maksimal sürəti 100 km/saat, uçuş məsafəsi isə 15 km olacaq.
Uçan avtomobil 2026-cı ildə satışa çıxmalıdır. Bundan əvvəl avtomobil sertifikatlaşdırma və digər zəruri prosedurlardan keçməlidir.
S.ELAY
XQ