Klassik avtomobillər “Sea Breez”də

post-img

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 27-də klassik avtomobillərin yürüşü və sərgisi keçirildi.

Tədbirdə Avtomobil Federasiyasında qeydiyyat keçən nəqliyyat vasitələri iştirak edirdi.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən klassik avtomobillər “Sea Breeze” istirahət mərkəzinədək yürüş etdilər. Yürüşə 1983-cü ilədək istehsal olunan nəqliyyat vasitələri qatılmışdı. 

Retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobil həvəskarlarında nostalji hisslər yaradaraq, keçmişə səyahət hissi bəxş etdi.

Maşın karvanında qeyri-adi avtomobillər də yer almışdı. Dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda isə ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya Qaz-M21 Volqa avtomobili üzərində edilib. Yürüşdə iştirak edən bu maşın görünüş etibari ilə nadir dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.

Məkanda, həmçinin müxtəlif təqdimatlar və əyləncələrin keçirildiyi sponsorlar zonası da təşkil edilmişdi. Burada son illərdə paytaxt Bakının ev sahibliyi etdiyi “Formula 1”in bolidi də yer almışdı.

Tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert də təqdim edildi, müsabiqələr keçirildi və qaliblərə müxtəlif nominasiyalarda hədiyyələr təqdim olundu. “Ən nizamlı sürücü” adına “Moskviç-412” markalı avtomobilin sürücüsü Təbriz Qorçiyev layiq görüldü. “Ən unikal avtomobil” nominasiyasında “Jaguar E-Type” avtomobilinin sahibi Graeme Alexander Taylor mükafatlandırıldı. “Ən qədim avtomobil”  “Ford Model A” markalı avtomobil seçildi. “Məşhurların seçimi olan avtomobil” nominasiyasında qalib isə “Volvo” markalı avtomobil oldu.

            



















Maraqlı