“Harvard” professorundan akademik saxtakarlıq

post-img

Bu yaxınlarda Harvard Universitetinin ən yüksək reytinqli professorlarından biri, dünyanın 50 ən nüfuzlu menecment mütəxəssislərindən hesab edilən Gino Franceskanın akademik məqalələrində saxtakarlıq etdiyi məlum olub. Professor Franceska (və ya onun həmmüəllifləri) bu saxtakarlığı nəticələri daha təsirli etmək üçün dəyişdirib. 

Bu fikirləri Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli şəxsi facebook səhifəsində yazıb.

N. Məmmədli yazır: Maraqlısı budur ki, Gino xanımın saxtakarlıq etdiyi məqələlərin özü elə saxtakarlıq haqqındadır. Tanıyanlar bilir ki, bu xanım dünyanın məşhur forumlarına ən çox dəvət edilən, Youtube və s. platformalarda 100-lərlə videosu olan mütəxəssislərdən biridir.

Söhbətin nədən getdiyi daha anlaşılan olsun deyə məqalələr barədə qısa məlumat verim:

1. Saxtakarlıq edilən birinci məqalədə müəlliflər iddia edirlər ki, əgər insanlar sənəddə yazılanların doğruluğuna məsuliyyət daşıdıqları barədə sənədin əvvəlində imza edirlərsə, həmin sənəddə daha az saxtakarlığa yol verirlər, nəinki imzanın sənədin sonunda atsalar.
2. İkinci məqalədə müəlliflər iddia edirlər ki, insanlar öz mövqelərinin əleyhinə fikir bildirəndə özlərini daha çirkli (fiziki olaraq) hiss edirlər.
3. Üçüncü məqaləyə görə saxtakarlıq etməyə meylli olanlar daha kreativdirlər və s.

Gino xanımın akademik vicdansızlıq etməsi bir neçə məsələni qabardır:

1. Müasir nüfuzlu akademik jurnallarda məqalə çapının ən mühüm elementi olan "məsləkdaş incələməsi" (peer review) mexanizmində problemlər var.
2. Nüfuzlu akademik jurnallar şok effektli, mütəəssiredici məqalələrə daha çox üstünlük verirlər. Məsələn, Gino xanım yazsaydı ki, apardıqları eksperiment nəticəsində saxtakarlıqla kreativlik arasında əlaqə tapmayıblar, bunu heç bir jurnal çap etməzdi.
3. Harvard və onun kimi nüfuzlu universitetlərin professorları öz üzərlərində o qədər akademik basqı (nüfuzlarını və postlarını qorumaq üçün) hiss edirlər ki, şok effektli məqalələr yazmaq üçün tədqiqatın nəticələrini dəyişməyə məcbur olurlar.

Anar ƏLİ,
“Xalq qəzeti”

Maraqlı