Azərbaycan xalqına qarşı soyqırımılarda iştirak eləmiş bütün erməni cəlladları gec-tez cəzalandırılacaq

post-img

Azərbaycan qanunvericiliyinə görə, Vaqif Xaçatryana veriləcək ən ağır cəza ömürlük həbsdir: “Düzdür, biz məhkəmənin işinə qarışa bilmərik, amma düşünürəm ki, onun elədiyi cinayət əməllərinin qarşılığı ən ağır cəza, yəni ömürlük həbs olmalıdır”.

Bu fikirləri “Xalq qəzeti”nə siyasi şərhçi Mübariz Göyüşlü Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən birinin saxlanılması barədə danışarkən bildirib. 

M. Göyüşlüyə görə, məsələ ilə bağlı araşdırmalar aparılır, digər canilər də beynəlxalq axtarışa veriliblər: “Bu, həmin adamlara dərs olmalı idi. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti və digər aidiyyatı olan rəsmi qurumların təmsilçiləri ictimai platformalarda fikirlər səsləndirirlər ki, Azərbaycan xalqına qarşı soyqırımılarda iştirak eləmiş erməni cəlladları cəzalandırılacaq, ilahi ədalət gec-tez təcəssüm edəcək”. Müsahibimiz hesab edir ki, bu, ilahi ədalətdir: “Hesab edirəm ki, tutulan erməni cəlladı xalqımıza qarşı soyqırımı etdiyi üçün ən ağır cəzanı alacaq”.

Siyasi şərhçi qeyd edib ki, bundan sonra da Azərbaycanın bu yöndə fəaliyyətləri davam etməlidir. Onun sözlərinə görə, artıq erməni separatçılarının canına qorxu düşüb: “Vaxtilə separatçı rejimdə vəzifə tutmuş şəxslər açıqlamalar verirlər ki, Azərbaycanda bizim də adımız var, həbs olunacağıq. Fikrimcə, o şəxslər də həbs olunmalıdır”.

“O adamların ömrünü həbsxanada çürütmək lazımdır ki, istər ermənilər, istərsə də başqa millətlərin hər hansı nümayəndəsi Azərbaycan xalqına bu cür əməl törətməyə heç vaxt cəsarət etməsinlər”, - deyə Mübariz Göyüşlü vurğulayıb.

Qeyd edək ki, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri– Vaqif Çərkəz oğlu Xaçatryan saxlanılıb.

Anar ƏLİ,
“Xalq qəzeti”

Siyasət