bp BDU-da rəqəmsal kitabxana yaradıb

post-img

bp şirkəti Bakı Dövlət Universitetində (BDU) rəqəmsal şəkildə idarə olunan müasir kitabxananın yaradılmasını nəzərdə tutan sosial investisiya layihəsini uğurla başa çatdırıb.

Bu münasibətlə dünən BDU-da təqdimat mərasimi keçirildi. Rəqəmsal kitabxananın istifadəyə verilməsinə həsr olunmuş mərasimi BDU-nun rektoru Elçin Babayev açaraq bp şirkətinin ölkəmizdə təhsilin inkişafına verdiyi töhfələri yüksək dəyərləndirdi. Rektor rəhbərlik etdiyi tədris müəssisəsi ilə bp arasında əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrdən bəhs etdi. Onun sözlərinə görə, bp-nin maliyyə dəstəyi ilə yaradlmış yeni rəqəmsal kitabxana tələbələr və müəllim heyəti üçün geniş bilik bazasına məsafədən və birbaşa çıxış imkanı yaratmaqla BDU-da təhsil prosesini əhəmiyyətli dərəcədə gücləndirməyə kömək edəcək.

Bildirildi ki, hazırda BDU-nun mövcud kitabxanasında, təxminən, 2,5 milyon nadir kitab, əlyazma və tarixi sənədlər saxlanılır. Yeni sistem müasir rəqəmsal arxivləşdirmə və inventar idarə etməsi təcrübələrini tətbiqi ilə bu dəyərli kitabxana fondunun qorunması və saxlanmasının təkmilləşdirilməsinə kömək edəcək.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Dövlət Universitetinin müasir, rəqəmsal imkanlarla təchiz olunmuş kitabxana sisteminə keçidini dəstəkləməkdən qürur duyduğunu diqqətə çatdırdı. Biliklərə çıxışın uğurlu təhsil prosesinin əsasını təşkil etdiyini vurğulayan regional prezidentin sözlərinə görə, rəqəmsal kitabxana layihəsi tələbələr, müəllimlər və tədqiqatçılar üçün öyrənmə, innovasiya və əməkdaşlıq baxımından yeni geniş platforma təmin edir: “Hesab edirik ki, bu təşəbbüs bugünün tələblərinə fayda verməklə yanaşı, eyni zamanda, universitetin əvəzolunmaz bilik fondunun gələcək nəsillər üçün qorunub saxlanılmasına da töhfə verir. Bu, həmçinin bp-nin Azərbaycanda ali təhsilin və elmi tədqiqatların keyfiyyətinin artırılmasına verdiyi dəstəyi əks etdirir”.

Qeyd olunub ki, bp-nin Azərbaycanda təhsilin inkişafına və potensialın artırılmasına dəstək öhdəliyinin bir hissəsi olan bu təşəbbüs məlumatlara çıxışı və onların toplanmasını asanlaşdıracaq, eyni zamanda, istifadəçilərə məzmunu paylaşmaq, mürəkkəb axtarışlar yerinə yetirmək və tədqiqat məlumatlarını saxlamaq imkanı verəcək.

Yeni təhsil layihəsi bütün kitabxana fondunun elektron məlumat bazası vasitəsilə tam şəkildə idarə olunmasını təmin edən xüsusi proqram təminatının hazırlanması, kitablara izləmə çiplərinin tətbiqi, əl terminallarının və çiplə təchiz edilmiş materialların proqram platformasına tam inteqrasiyası daxil olmaqla səmərəli inventar idarəetmə sisteminin yaradılması, eləcə də yeni rəqəmsal kitabxana sisteminin səmərəli fəaliyyəti üçün zəruri fiziki infrastrukturun quraşdırılması kimi mühüm sahələri əhatə edir.

Layihənin ümumi dəyəri isə 805 min 290 manat (473 min 700 ABŞ dolları) təşkil edir. Bu məbləğə isə proqram təminatının hazırlanması, inventar idarəetmə sisteminin yaradılması, eləcə də bütün lazımi avadanlıq və infrastrukturun quraşdırılması xərcləri daxildir.

Mərasimdə, həmçinin bp və Bakı Dövlət Universiteti arasında potensial birgə layihələr üçün çərçivə müəyyən edən əməkdaşlıq sazişi imzalandı. BDU-nun rektoru rektoru Elçin Babayev və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolinin imzaladıqları sazişin əsas məqsədi universitet ekosisteminin daha da gücləndirilməsi və biliklərin artırılmasına dəstək verməklə uzunmüddətli akademik inkişaf və innovasiyalar üçün şəraitin yaradılmasıdır.

Yeri gəlmişkən, bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır. Şirkət bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Ötən müdətdə bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub. Qurum Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə sərmayə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürüb.

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkəmizdəki sosial sərmayə layihələrinə, ümumilikdə, 115 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Hazırda bp-nin Azərbaycanda həyata keçirdiyi müxtəlif layihələrdə, təxminən, 2344 yerli vətəndaş çalışır ki, bu da şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

Mirbağır YAQUBZADƏ
XQ

Son xəbərlər