Zaxarovanın açıqlaması və Paşinyanın “Şuşa rəqsi”

post-img

Rusiya XİN-in sözçüsü nəyi və hansı səbəbdən yada salıb?

Əslində, Ermənistanın baş naziri Nikol Paşinyan, yumşaq desək, düz etməyib. Onun ordu günü ilə bağlı xalqa müraciət ünvanlamasını anladıq. Bəs həmin müraciətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adını çəkmək nəyə lazımdır? Paşinyan nəinki KTMT-dən danışıb, habelə, qurumu Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb. Hər halda, keçmişin söhbətinə qayıtmaq lazım deyil. Nəyə görə lazım deyil, bu barədə söz açacağıq. Əvvəlcə iki məqamı vurğulayaq. Birincisi, KTMT-də hakim rol Rusiyaya məxsusdur və ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Verelq İnformasiya Agentliyinə açıqlamasında Paşinyanın dediklərinə münasibət bildirib. 

İkincisi, Nikol anti-KTMT ritorikası çərçivəsində 2022-ci ilin sentyabrını yada salıb. O da məlumdur ki, həmin vaxt Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun təxribatlarının qarşısını birdəfəlik kəsmək üçün şərti sərhəddəki bəzi strateji yüksəklikləri ələ keçirdi və bu, rəsmi İrəvan tərəfindən qəsb kimi qiymətləndirildi. 

Nəzərə alaq ki, 2022-ci ilin sentyabrında Qarabağdakı sabiq separatçı rejim hələ mövcudiyyətini qoruyurdu. Rejimin əsas dayağı Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhələndirirdi. Hələ Paşinyan administrasiyasının Qarabağ erməniləri üçün beynəlxalq təminat oyunu da var idi. Yəni rəsmi İrəvan dolayısı ilə separatçılığa leqal don geydirməyə çalışırdı.  Deməli, belə bir durumda ölkəmizi işğalçı adlandırmaq yolverilməz idi. Amma... “Əmma”sı budur ki, hazırda Ermənistan Azərbaycanla sülh yolundadır və bu durumda 2022-ci ilin ritorikasına baş vurmaq yerinə düşmür. Hətta bu ritorikanın hədəfi KTMT-nin timsalında Rusiya dövləti olsa da. Onu da nəzərə alaq ki, Paşinyan xalqa müraciətində təkcə KTMT-ni Ermənistanı köməksiz qoymaqda günahlandırmayıb, həmçinin, peşəkar siyasətçiyə yaraşmayan fikir bildirib. Bunu da diqqətə çatdıracağıq. 

Əlqərəz, M.Zaxarova Paşinyanın dediklərinə münasibət bildirərkən, mübahisə doğurmuş fikrin Qarabağ ətrafındakı vəziyyətə nəzərən dilə gətirildiyini deyib: “Amma mən xatırlaya bilmirəm ki, həmin ərazi hüquqi baxımdan Ermənistanın bir hissəsi elan edilsin. Yadıma düşən yalnız odur ki, Nikol Paşinyan ora getmişdi və orada rəqs edirdi. Bunu xatırlayıram. Amma həmin ərazinin Ermənistan dövləti tərkibinə daxil edilməsi barədə mənə heç nə məlum deyil. Ola bilsin, siz nəsə eşitmisiniz?”, – deyən M.Zaxarova, faktiki olaraq, Rusiya tərəfindən zaman-zaman səslənmiş tezisi yenidən qabardıb. Tezis budur ki, əgər Ermənistan Qarabağı öz ərazisi kimi tanısaydı, Rusiya ona kömək edərdi. Müvafiq olaraq, belə bir tanınma olmadığından KTMT səssiz qalıb. Əlbəttə, mövcud yanaşmanın da separatizmə dəstək mahiyyəti daşıdığı birmənalıdır və postsovet məkanında yaşanan münaqişəli durumlara diqqət yetirsək, bunun Moskvanın ənənəvi dəst-xətti olduğunu söyləmək mümkündür. Görəsən, Ermənistanın Qarabağı öz ərazisi kimi tanımasını əsas götürən Kremlin ona kömək göstərməsinin normal məntiqi varmı? Əlbəttə ki, yox! Deməli, hazırda Zaxarovanın, ümumən isə Rusiya rəsmilərinin əvvəllər mövcud xüsusda bildirdikləri fikirlər absurddur. 

Yeri gəlmişkən, Ermənistanın üzvü olduğu KTMT ilə ziddiyyətlərinin kökü də gedib 2022-ci ilin sentyabrına çıxır. Məlum olduğu kimi, rəsmi İrəvan hələ 44 günlük müharibə dönəmində qurumun hərbi əməliyyatlara qoşulmasını istəyirdi. Lakin mövcud istiqamətdəki cəhdlər başlanğıcdaca uğursuz olduğundan, Paşinyan administrasiyası məsələni anti-Rusiya kampaniyası halına gətirmədi. Digər tərəfdən, savaş gedə-gedə belə bir addım atmaq Ermənistana sərfəli deyildi. Paşinyan, necə deyərlər, əl yeri qoyurdu. Amma 2022-ci ildə fərqli durum yarandı. Qərblə, xüsusən Fransa ilə yaxınlığı gücləndirən Nikol və komandası Rusiyanı gözdən salmaq kursunu açıq müstəviyə daşıdı və Azərbaycanın həmin ilin sentyabrında şərti sərhəddə Ermənistanın törətdiyi təxribata cavabını işğalçılıq prizmasından qiymətləndirdi. Paşinyan hesab etdi ki, artıq KTMT dövriyyəyə girə bilər. Daha doğrusu, o, qurumun timsalında məhz anti-Rusiya ovqatını gücləndirməyin vaxtının yetişdiyini düşündü. Yəni başlıca məqam heç də ölkəni qorumaq deyildi. Nikola bəhanə lazım idi ki, onu da tapdı.

Erməni baş nazir KTMT-nin Azərbaycana qarşı çıxmasının çətinliyini anlamamış olmazdı. Axı təşkilatda ölkəmizlə kifayət qədər sıx münasibətlərdə olan dövlətlər təmsil olunurlar, bu, öz yerində. Həmçinin bu dövlətlərin anti-Azərbaycan kampaniyasına qoşulmamaq üçün konkret səbəbləri var idi. Səbəb bu idi ki, Azərbaycan–Ermənistan sərhədləri dəqiqləşməyib və buna görə KTMT-nin təsir dairəsini müəyyənləşdirmək qeyri-mümkündür. 3 il əvvəl bu cavab barıt çəlləyini ildırımın vurması effekti yaratdı. Paşinyan KTMT-nin Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirmədiyini, ölkənin təhlükəsizlik çağırışlarına cavab vermədiyini bildirməyə başladı. Sonra rəsmi İrəvanın qurumdan çıxmaqla bağlı eyhamlarının, Ermənistanın təşkilatdakı fəaliyyətini dondurduğunun şahidi olduq. İndi də KTMT-nin toplantılarına qatılmır, qurumu boykot yolu tuturlar. Bu yerdə Paşinyanın Rusiyanın hakim rol oynadığı təşkilatla əlaqədar fikirlərindəki yeniliyə nəzər salaq. Əlbəttə, buna yenilik demək mümkündürsə.

Beləliklə, Ermənistan baş naziri ordu günü ilə bağlı xalqa müraciətində keçmişdə yaşananlar xüsusunda onu da bildirib ki, KTMT-dəki tərəfdaşlar 2022-ci ilin sentyabr ayına olan vəziyyətə görə Ermənistanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatı ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edir, həmçinin ödənişi edildiyi yüz milyonlarla dollar dəyərində silah və hərbi texnikanın tədarükünə razılıq vermirdilər: “Bu, Ermənistan üçün ekzistensial təhlükə yaradırdı və aydın idi ki, dövlətçiliyimizin məhv edilməsi və suverenliyimizin ləğvi barədə qərar qəbul olunub”.

Belə bir fikirdən sonra M.Zaxarova hiddətlənməsin, nə etsin? “Mən başa düşmədim, məhv etmə barədə qərarı kim qəbul edib? Bağışlayın, amma mənə elə gəlir ki, bu, sadəcə olaraq, bir-biri ilə əlaqəsi olmayan söz yığınıdır. Yoxsa o (Paşinyanı nəzərdə tutur – red.), erməni dövlətçiliyinin məhvində KTMT-ni ittiham edir? Açığı, bunları dinləmək mənə bir qədər qəribə gəlir. Ola bilsin, siz sitatı düzgün vermirsiniz? Gəlin, sitatı dəqiqləşdirək”, – deyən Zaxarovanın yadına məsələnin 2022-ci ilin olayları ilə bağlılığı salınıb. Yəni Verelq İA-nın müxbiri bildirib ki, durumun, guya, Qarabağa aidiyyəti yoxdur. Amma məsələnin Qarabağ bağı var. Çünki Ermənistan sərhəd təxribatlarını Qarabağ avantürasının tərkib hissəsi olaraq törədir, çalışırdı ki, Azərbaycanı sərt davransın, ölkəmiz əleyhinə beynəlxalq miqyasda təbliğat aparsın, nəticədə həmin avantüranın ömrü uzansın. Mahiyyətcə, İrəvanın anti-KTMT kursu da eyni məqsəddən qaynaqlanırdı. 

Başqa sözlə desək, Ermənistan Qarabağ məsələsini Rusiyanın təsir dairəsindən çıxarıb Qərbin egidasına daxil etməklə separatizmin ömrünü uzatmağa ümid bəsləyirdi. Bunların heç biri alınmasa da, Paşinyan Ermənistanda anti-KTMT və anti-Rusiya ovqatını diri tutmağı bacardı və bunun bir səbəbi Rusiyanın özü ilə bağlıdır. 

Hazırda M.Zaxarova hiddətlənməkdə haqlıdır. Dəqiqləşdirməkdən söz düşmüşkən isə o bildirib: “Gəlin, dəqiqləşdirək ki, konkret olaraq nə nəzərdə tutulur. Çünki doğrudan da, bu formulda çoxlu naməlum məqamlar var və onda biz söhbətin nədən getdiyini və buna necə münasibət bildirməyin mümkünlüyünü anlamayacağıq. Mən, həqiqətən, KTMT tərəfindən erməni dövlətçiliyinə qarşı hansı təhlükələrdən danışıldığını başa düşmürəm. Ola bilsin, söhbət başqa şeydən gedir. Ona görə bu qədər anlaşılmazlıq olan sitatı şərh edə bilmirəm. Gəlin, dəqiqləşdirək, ya sizə fərdi qaydada, ya da sonra mütləq bütün bunlara münasibət bildirəcəyik”. 

Sonda onu da bildirək ki, M.Zaxarovanın nəyisə dəqiqləşdirməsinə ehtiyac yoxdur. Çünki Paşinyanın fikri ortadadır. Əvvəldə isə Nikolun ritorikasının normal siyasətçi yanaşmasına uyğun olmadığını vurğuladıq. Paşinyanın ara-sıra ölkəsindəki anti-Rusiya ovqatını saxlamaq üçün müəyyən gedişlər etdiyini məntiqi saysaq da, indiki durumda onun barıtı çox etdiyi aşkardır. Görəsən niyə?

Belə nəticəyə gəlmək olar ki, baş nazir yayda ölkəsində keçiriləcək parlament seçkiləri ilə bağlı fəaliyyətin, obrazlı desək, anti-Rusiya rənglərini tündləşdirməklə məşğuldur və ona görə pafosa güc verib. Sən demə, Ermənistanın məhvi ilə bağlı qərar verilibmiş, Paşinyan və komandası buna imkan verməyibmiş. Üstəlik, məhvetmə 2022-ci il hadisələri zamanı planlaşdırılmışdısa, bunun icraçısı Azərbaycan olmalıymış. Görəsən, buna neçə nəfər inandı? Aydındır ki, ölkəmizin belə bir niyyəti olsaydı, 44 günlük müharibəni dayandırmaz, məğlub Ermənistana sülh əlini uzatmazdı. 

Ə.CAHANGİROĞLU 
XQ

 

Son xəbərlər