Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda (DİF) iştirak çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
Görüşdə Azərbaycanla iqtisadi əməkdaşlığın gündəmində olan prioritetlər, ticarət və enerji sahəsində tərəfdaşlıq, nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər vurğulanıb. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.
DİF çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin iqtisadiyyat və sənaye naziri Nir Barkatla görüşüb. Görüşdə ticarət, sənaye, enerji və biznes tərəfdaşlığı istiqamətində qarşılıqlı fəaliyyətin perspektivləri vurğulanıb. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəmində olan aktual məsələlər nəzərdən keçirilib.
Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Coca-Cola” şirkətinin qlobal siyasət və dayanıqlılıq üzrə baş vitse-prezidenti Maykl Qoltsman, Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman, “Boston Consulting Group”un vitse-sədri və “BCG Henderson Institute”un qlobal rəhbəri Nikolaus Lanq və “Menzies Aviation” şirkətinin icraçı sədri Hassan El-Houri ilə də görüşüb.
Qeyd edək ki, Davos İqtisadi Forumu çərçivəsində SOCAR ilə İsveçrənin SİCPA SA şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənəd imzalanıb. Bu əməkdaşlıq müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcək. Yeni həllər enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək.
XQ

