İspaniyalı spiker Milli Məclisdə

post-img

Yanvarın 23-də ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.

Qonaqlar parlamentin plenar iclas zalı ilə tanışlıqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Fransina Armenqol burada Xatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova və İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın başçılıq etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş olub.

Görüşdə bu səfərin İspaniya parlament sədrinin Azərbaycana ilk səfəri kimi xüsusi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Milli Məclis sədrinin 2025-ci ilin mayında İspaniya Krallığına ilk rəsmi səfərindən sonra həyata keçirilən bu səfər İspaniya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Qeyd edilib ki, xüsusən son dövrlərdə ölkələrimiz arasında fəal siyasi dialoqun müşahidə olunması çox mühüm məqamdır. Belə ki, İspaniyanın Baş naziri Pedro Sançezin 2024-cü ilin noyabrında COP29 tədbiri çərçivəsində ölkəmizə işgüzar səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə əlaqələrin genişləndirilməsi üçün bir sıra mühüm birgə təşəbbüslərin həyata keçirilməsinə dair razılıq əldə olunub.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişafını təşviq etmək üçün iki ölkə arasındakı müqavilə-hüquq bazasının genişləndirilməsi, ölkələrimiz arasında münasibətlərdə iqtisadi əməkdaşlığın rolu, İspaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, bərpaolunan enerji, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Bakıda ziyarət etdiyi Zəfər muzeyi və ölkəmizdə gördüyü inkişaf barədə təəssüratlarını bölüşüb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.

Milli Məclisin sədri son dövrlərdə ölkələrimiz arasında fəal siyasi dialoqun müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, bu, ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır.

Bugünkü ikitərəfli görüşdə parlamentlər arasında əlaqələrin müzakirə olunduğunu bildirən Sahibə Qafarova deyib ki, tərəflər parlament üzvlərinin, ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol da mətbuata bəyanatında görüşdə konstruktiv, yaxın və faydalı müzakirələr aparıldığını qeyd edib. Eyni zamanda, İspaniya Deputatlar Konqresinin sədri kimi Azərbaycanda olmaqdan böyük şərəf duyduğunu söyləyib.

O, həmçinin qeyd edib ki, İspaniya və Azərbaycan arasında ikitərəfli əlaqələri dərinləşdirmək üzrə ortaq iradə aşkar şəkildə ifadə olunur.

XQ





Son xəbərlər